Zahid Orucun təkliflərini spiker replika ilə qarşıladı

Zahid Orucun təkliflərini spiker replika ilə qarşıladı

"İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı son günlər ölkə başçısının apardığı islahatlara yüksək qiymət verilməlidir". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc deyib.

Millət vəkili bu cür islahatların davamlı olacağına inandığını bildirib: "Bu günlərdə Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsinin ləğv olunması və səlahiyyətlərinin 3 dövlət qurumuna verilməsi, Azərenerjinin bir sıra səlahiyyətlərinin yeni yaradılan "Azərİşıq" ASC-yə birləşdirilməsi və s. addımlar təqdirə layiqdir. Bu insanlar tərəfindən yüksək qarşılanır. Torpaqla bağlı məsələlərin vahid bir qurumda olması həm də ona imkan verəcək ki, 400 mindən artıq insanın torpaq sahəsi öz təsdiqini tapacaq. Düşünürəm ki, hökumətin bu istiqamətdə islahatları davam edəcək".

Millət vəkili çıxış zamanı bir sıra təkliflər də səsləndirib: "Hesab edirəm ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına birləşdirilməlidir. Həmçinin Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməlidir. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar".

Spiker Oqtay Əsədov isə deputata replika ilə cavab verib: "Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə