Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoqu Milli Məclisdə də müzakirə olunub. SİA-nın məlumatına görə, çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu görüş ictimiayyət tərəfindən də müsbət qarşılanıb.
S. Novruzov vurğulayıb ki, görüşlərin mütəmadi 2 aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan dövlətinin və prezidentinin ölkəmizin hər bir işinin şəffaf şəkildə idarə olunmasının bariz nümunəsidir: "İstər QHT-lər, istər siyasi partiyalar, istər mətbuat orqanları dövlət idarəçiliyində həyata keçirilən bütün tədbirlərdə iştirakçısı kimi bundan sonra öz fəaliyyətlərini göstərəcəklər.
S. Novruzov təəssüflə qeyd edib ki, bəzi partiyalar həm legitimlikləri, həm ayrı-ayrı xarici qüvvələrə çalışdıqlarına, həm ümummilli deyil ayrı-ayrı qüvvələrin maraqlarına xidmət etdiklərinə görə, həmin partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmağa çalışırlar: "Halbuki dəfələrlə ATƏT-in və ya başqa-başqa təşkilatların keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər: "Lakin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların yığışaraq bir yerdə dövlət, ümumxalq, millət əhəmiyyətli məsələ müzakirə ediləndə onlar özlərini cəmiyyətdən, xalqdan, millətdən, dövlətdən kənar saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilirlər. Azərbaycanın ümumxalq mənafeyini deyil, xarici qüvvələrin maraqlarını müdafiə edirlər. Çünki görüşdə həm Dağlıq Qarabağ, həm Xocalı faciəsi ilə bağlı, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti, seçki məsələləri müzakirə edilib. Əgər onlar özlərini bundan kənarda saxlayırlarsa, demək xalqla bağlı olan partiyalar deyil".
Məsələ ilə bağlı çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, ötən gün baş tutan iqtidar-müxalifət görüşünə bəzi siyasi partiyaların qatılmaması həmin partiyaların xarici qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir: "İndi onlar ötən gün baş tutan görüşə kölgə salmaq istəyirlər. Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndələri də bildirdilər ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmsına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Onlar imkan verməməlidirlər ki, ayrı-ayrı ölkələr tərəfindən idarə olunsunlar".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da siyasi partiyalarla dialoqun aparılması istiqamətində ölkə başçısının göstərdiyi təşəbbüsü yüksək qiymətləndirib: "Bu dialoq siyasi mədəniyyət nümunəsidir. Kimlərsə iştirak etməyibsə, onlar çox böyük siyasi, taktiki səhvə yol veriblər".
Millət vəkili İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir.
Milli Məclisin spikeri də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirib: "Görüşdə iştirak etməyən partiyalar dialoq istəyirlər, amma olanda da belə münasibət göstərirlər. Siz kölgə-kölgə deyirsiniz, amma onlar kölgə altında deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB