"Belarusun paytaxtı Minskdə Ukrayna, Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kanslerinin iştirakı ilə "Normand dördlüyü" formatında keçirilən sammit nəticəsində yeni bir Dağlıq Qarabağ, Osetiya, Dnestryanı kimi dondurulmuş münaqişə ocağı yaranacaq. Yəni, Ukrayna məcbur olacaq ki atəşkəs elan etsin". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, Ukrayna öz torpaqlarını güc tətbiq etməklə azad edərək ərazi bütövlüyünü təmin edə bilmir: "Vaxtilə Rusiya Çeçenistanda güc tətbiq etməklə öz ərazi bütövlüyünü təmin edə bildi. Ancaq güc tətbiqi ilə ərazi bütövlüyünü təmin etməni nə Gürcüstan, nə Moldova, nə də Azərbaycan edə bilməyib. İndi bu ölkələr siyahısına Ukrayna da əlavə olundu".
Partiya sədri qeyd edib ki, ərazisində dondurulmuş münaqişə olan Ukraynanın Avropa Birliyi və NATO-ya daxil olması mümkünsüz görünür: "Ukrayna istədiyini ala bilmədi. Əvəzində isə Krım və şərq bölgələrini itirdi. Bu da onu göstərir ki, Ukraynanın indiki rəhbərliyi ölkənin hazırkı durumuna görə o zamankı prezident Viktor Yanukoviçlə bərabər məsuliyyət daşıyırlar. Düşünülməmiş hakimiyyət ehtirası bəzən siyasi partiyaları, siyasətçiləri elə bir həddə gətirir ki, onların bu ehtirasından ölkə ziyan çəkir".
Q. Həsənquliyevin sözlərinə görə, Ukraynaya qarşı ən böyük ləyaqətsizlik onun ərazi bütövlüyünə qarant olan ölkələr tərəfindən edilib: "Bu ölkələr ABŞ, Böyük Britaniya və Rusiyadır. Qarant olan dövlətlərdən, Budapeşt memorandumunu imzalayan Rusiya Ukraynanın ərazisinin bir hissəsini işğal etdi. Digər iki dövlət isə qarant durmuşdular ki, 1800-ə qədər nüvə başlığını təhvil versə, Ukraynanın ərazi bütövlüyünü qoruyacaqlar. İndi nəinki Ukraynanın ərazi bütövlüyünü qorumurlar, heç silah da vermirlər. Bu da əxlaqsızlığın və ləyaqətsizliyin misli görünməmiş formasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB