Qüdrət Həsənquliyev: “Prezidentə görüş üçün müraciət olunub”

Qüdrət Həsənquliyev: “Prezidentə görüş üçün müraciət olunub”

Bu gün keçirilən iqtidar-müxalifət dialoqunda ölkə başçısı İlham Əliyevə müraciət olunması üçün iki təklif səslənib. Bu barədə SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev məlumat verib.

Partiya sədri bildirib: "Birinci məsələ o idi ki, növbəti görüşlərin birində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etsin. Yəni birbaşa partiya sədrlərini özü dinləsin. İkinci isə, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının siyasi məhbus hesab etdikləri şəxslərin ölkə başçısı tərəfindən əfv olunması məsələsi idi. Qarşıdan böyük idman bayramı - Avropa Oyunları gəlir. Biz hesab edirik ki, bu ərəfədə Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrin bundan istifadə etməsinə imkan vermək olmaz. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət olunması məsələsi razılaşdırıldı".

Q. Həsənquliyev qeyd edib ki, verilən təkliflərin hamısı icra olunmaya da bilər: "Biz təkliflərimizi vermişik. Amma, bu o demək deyil ki, onların hamısı icra olunacaq. Verdiyimiz təkliflər ölkə başçısına çatdırılacaq. Qərarın necə olacağı isə prezidentin iradəsindən asılı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə