Fərəc Quliyev: “İqtidar-müxalifət görüşünü yüksək qiymətləndirirəm”

"Mən bu görüşü yüksək qiymətləndirirəm. Görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxlsərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir. Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtidar-müxalifət arasında baş tutan görüşə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib.

O qeyd edib ki, bu danışıqlarda bütün siyasi spektor demək olar ki, təmsil olunmuşdu: "Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyalar ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edirlər və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdırlar. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışırlar. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər samballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə