Tahir Rzayev: “İdarəetmə sahəsində aparılan islahatlar vətəndaşların rahatlığına xidmət edir”

Tahir Rzayev: “İdarəetmə sahəsində aparılan islahatlar vətəndaşların rahatlığına xidmət edir”

"Bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən elm, təhsil, aqrar, idarəetmə sahələrində də islahatlar gedir. Müəyyən komitələrin ləğv olunması, bəzi dövlət qurumlarının yenidən qurulması bu islahatların tərkib hissəsidir". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

Onun szölərinə görə, bəzilərinə elə gəlir ki, bu islahatlar işsizliyə şərait yaradır: "Amma bu, belə deyil. Çünki, ləğv olunan idarələrin yerinə yeniləri yaradılır. Ancaq, müəyyən qurumlar var ki, artıq onlar öz funksiyalarını yerinə yetiriblər. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi uzun müddət çox səmərəli fəaliyyət göstərib. Ölkədə aqrar islahatların aparılmasına çox böyük köməklik göstərib. Ona görə də komitənin fəaliyyətinə kölgə salmaq olmaz. Çünki, çox çətin problemi komitə yerinə yetirib. Ancaq, bu gün daşınmaz əmlak artıq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə daxildir. Buna görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də səlahiyyətləri azalmışdı. Ona görə də komitənin ləğv olunması zərurətdən irəli gəlirdi".

Millət vəkili bildirib ki, bəzi dövlət qurumlarının ləğv olunmasına görə heç bir işçi bayırda qalmayacaq: "Əlbəttə onlar komitənin səlahiyyətlərinin paylaşdırıldıqları dövlət qurumlarında işə cəlb olunacaq. Çünki, çətin bir sahədə çalışan işçilərin bu sahədə təcrübəsi var".

T. Rzayev vurğulayıb ki, idarəetmə sahəsində aparılan islahatlar həm idarəçiliyin təkmilləşdirilməsinə, həm də vətəndaşların rahatlığına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə