Millət vəkili: “Azərbaycan belə qüvvələrə qarşı sakit durmalı deyil”

"Azərbaycan-ABŞ münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələrin geri çəkilmək niyyətləri yoxdur". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələr erməni diasporunun təsiri altındadır: "Bu qüvvələr ermənilər tərəfindən maliyyələşdirildiyindən onların məqsədlərinə xidmət edir. Ona görə də onların nə indi, nə də gələcəkdə fəaliyyətlərinin dayandırılması sadəcə olaraq mümkün deyil. Çünki, onların missiyası bundan ibarətdir. Yəni belə qüvvələr məhz bunun üçün yaradılıblar və onları yaradan və maliyyələşdirən erməni lobbisidir".

Millət vəkili bildirib ki, Azərbaycan belə qüvvələrə qarşı sakit durmalı deyil: "Biz öz imkanlarımız daxilində Azərbaycan reallıqlarını, ABŞ-da qeyri obyektivliyi əks etdirən, daha çox şər, böhtan və qərəzli fikirləri yaymağa, dünya ictimaiyyətinə çatdırmağa cəhd edən təşkilat və qurumların qarşısında dayanmalı və onları tərki silah, ifşa etməliyik. Bu yaxınlara həmkarlarım Səməd Seyidov və Asim Mollazadənin ABŞ-da keçirdiyi görüşlər son dərəcə səmərəli olub. Eyni zamanda ABŞ-ın nüfuzlu qəzetlərində Azərbaycan həqiqətləri ilə bağlı yazıların dərc olunması çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, belə bir praktikanı davam etdirməliyik. Sadəcə olaraq biz ABŞ-da Azərbaycana qarşı erməni lobbisi tərəfindən qızışdırılan təşkilatlara cavab verməklə kifayətlənməli deyilik. Eyni zamanda biz orada Azərbaycan və türk diasporasının fəallaşmasına daha ciddi çalışmalıyıq. Yalnız bu şəkildə ABŞ-da erməni lobbisinin təsiri altında olan qüvvələri neytrallaşdıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə