“Orinats Yerkir” dən Serjikə BƏYANAT

“Orinats Yerkir” dən Serjikə BƏYANAT

Ermənistanda fəaliyyət göstərən müxalifətçi "Orinats Yerkir" partiyası Ermənistanda Sarkisyan rejimi tərəfindən siyasi-ictimai xadimlərə qarşı aparılan repressiv siyasəti pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, "Orinats Yerkir" partiyası vətəndaşların haqlı etirazlarına qarşı zor gücü və terror əməllərinə son qoymağa çağırır. Qeyd olunur ki, partiyanın siyasi şurası siyasi-ictimai xadimlərə və fəallara qarşı çirkin addımların atılmasının hazırkı hakimiyyətin gələcəyinə yaxşı heç nə vəd etmədiyi qənaətindədir. Belə ki, baş verən son hadisələr demokratiyanın və insan hüquqlarının, o cümlədən vətəndaş həmrəylinin pozulmasına xidmət edir.

Partiyanın bəyanatında qeyd edilir ki, ölkənin hüquq-mühafizə orqanları baş verənləri dərhal araşdırmalı, cinayətkarlar qanun qarşısına çıxarılmalıdırlar. "Əks halda ölkədə qanunsuzluq atmosferi və zor gücü tətbiq etmə ənənəsi daha da şaxələnəcək" -deyə, sözügedən bəyanatda vurğulanır.

Xatırladaq ki, ötən həftə "Çiçəklənən Ermənistan" partiyasının siyasi şurasının üzvü Artak Xaçatryan qara maskalılar tərəfindən oğurlanaraq, naməlum istiqamətə aparılıb və sonra aldığı ağır bədən xəsarətləri səbəbindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Sarkisyan rejiminə qarşı fəallığı ilə seçilən Artak Xaçatryanla bağlı Ermənistanın bir sıra müxalifət partiyaları və hüquq müdafiə təşkilatları etiraz və tələb bəyanatları yayıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə