Prezident İlham Əliyevin bəyanatı işğalçılara sərt cavab oldu

ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü

Ermənistan rəhbərliyi bu barədə düşünməyə məhkumdur

Azərbaycanın müstəqil və qətiyyətli mövqeyi, o cümlədən, beynəlxalq aləmdə əldə etdiyi nüfuzu bir daha təsdiq edir ki, ölkəmiz qarşısında diktə dili ilə danışmağa cəhd edən istənilən qüvvə anındaca susdurulacaq. Çünki təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu qürurverici və güclü siyasəti məhz Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilməkdədir. Xüsusilə, qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın güclü sosial-iqtisadi inkişafı və tərəqqisi digər sahələrdə də kifayət qədər nəzərə çarpmaqda, əməli işlərlə isbat etdilməkdədir.

Bu günün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Baxmayaraq ki, ölkəmizin 20 faiz ərazisi hələ də mənfur qonşularımızın işğalı altındadır, ölkə rəhbərliyi tərəfindən aparılan müdrik siyasət nəticəsində Ermənistan qaçılmaz tənəzzüldən yaxa qurtarmağı bacarmır...

İşğalçı və separatçı erməni rəhbərliyinin öz köhnə vasitələrinə əl atmaları əslində, gözlənilən idi

Həm Qərbin, həm də şimal qonşumuzun satellitinə çevrilən təcavüzkar və vassal Sarkisyan rejimi bütün sahələrdə acınacaqlı duruma düşməsi ilə yanaşı, artıq bundan bezmiş xalqın da hiddətindən qurtula bilmir. Təkcə son zamanlar bu ölkədə baş verən məlum olaylar - Gümrüdə rusiyalı əsgərin bir ailəni qətlə yetirməsi, sonradan isə onun Ermənistanın qanunları ilə deyil, məhz Rusiyanın qanunları ilə istintaqa cəlb edilməsi, Sarkisyan rejiminin xalqın tələblərini yerinə yetirərək, onu Ermənistanın qanunları ilə mühakimə edilməsi tələbini yerinə yetirə bilməməsi və acizliyi, erməni sahibkarlarının Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyaları keçirmələri, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı ifrat düşmənçilik də təsdiq edir ki, artıq, bu ölkənin xəritəədən silinməsi təbii olaraq baş verməkdədir. Çünki oradakı rejim bütün bunların təqsirkarıdır.

Məhz belə bir vəziyyətdə, yəni Ermənistanın təlatümlər içində çalxalandığı bir dövrdə, işğalçı və separatçı erməni rəhbərliyinin öz köhnə vasitələrinə əl atmaları əslində, gözlənilən idi. Daha dəqiq desək, belə bir ərəfədə həm Ermənistan, həm də onun Dağlıq Qarabağda qurduğu separatçı rejim tərəfindən mövqelərimizin atəşə tutulması qabaqcadan hazırlanmış planları sırasında idi. Sarkisyan rejimi üzərinə gələn ifrat xalq narazılıqlarını ört-basdır etməkdən ötrü, məhz bu kimi çirkin əməllərdən istifadə etməyə can atır.

Cavabları bundan sonra da veriləcək!

Lakin Azərbaycanın qüdrətli və şanlı silahlı qüvvələri belə mənfur addımların qarşısını cəsarətlə, mətinliklə və erməni silahlı qüvvələrinə layiqli cavab verərərək, onları ağır itkilərlə geri çəkilməyə məcbur etməklə verib, bundan sonra da verəcək!

Daha bir məqam isə budur ki, işğalçı Ermənistan və separatçılar bu oyunlarında da çox çətin bir vəziyyətlə qarşı-qarşıya qalırlar. Çünki erməni tərəfi bu hadisələrdən sonra onlarla əsgərini itirir, nəticədə onların valideynlərinə heç bir cavab verə bilmirlər. Çünki erməni əsgərlərinin ata və anaları kimsəyə lazım olmayan işğalçılıq savaşında öz övladlarını itirmək istəmirlər. Serj Sarkisyan, onun müdafiə naziri Ohanyan isə bütün bunların yerinə həyasızcasına Azərbaycan tərəfini günahlandırır, guya təmas xəttindəki mövqelərin Azərbaycan ordusu tərəfindən pozulduğunu iddia edirlər. Buna isə əlbəttə ki, həyasızlıq adını verməkdən başqa çarə qalmır.

Prezident İlham Əliyev: "Bu onlara məxsus taktikadır: bütün günahı Azərbaycanın üstünə atırlar"

Bu arada, Prezident İlham Əliyevin Münhendəki Təhlükəsizlik Konfransında ermənilər tərəfindən qaldırılan iddialara verdiyi cavabı onlara vurulmuş sərt sillə kimi qiymətləndirmək olar.

"Ermənistan tərəfi qoşunların təmas xəttində mütəmadi olaraq atəşkəs rejimini pozur. Hər dəfə də Azərbaycan tərəfini günahlandırır. Bu onlara məxsus taktikadır: bütün günahı Azərbaycanın üstünə atırlar", - deyə qeyd edən ölkə başçımız onu da vurğulayıb ki, əgər bu hal davam edərsə, düşmən getdikcə, daha sərt cavab alacaq. Konfrans çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusunda panel müzakirəsində mövqeyini bildirən İlham Əliyev cənabları Dağlıq Qarabağ münaqişəsindən danışarkən, həmin xəbərdarlığı ilə Azərbaycanın qüdrətini və gücünü nümayiş etdirib. O, qeyd edib ki, Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalı soyqırımını törədib, bizim tarixi və dini abidələrimizi məhv ediblər".

"Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin"

"...Amma bütün günahları bizdə görürlər. Sual bundan ibarətdir ki, erməni əsgərinin işğal olunmuş ərazilərdə nə işi var? Erməni əsgəri Ağdamda nə unudub? Füzulidə nə işiniz var? Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin"-deyə vurğulayan cənab İham Əliyev öz qəti və geriçəkilməz məqsədini bütün dünyaya bəyan edib.

Bəli, bu ifadələri Prezident olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Ali Baş Komandanı söyləyib və düşmənə xəbərdarlıq mesajı ünvanlayaraq, onları yerində otuzdurub. Və bu, belə də olacaq. Çünki bu gün Vətənini, dövlətini sevən, bu yolda canını fəda etməyə hazır olan hər bir azərbaycanlı məhz öz Ali Baş komandanın ətrafında daha da sıx birləşəcək!

Bütün xəbərlər Facebook səhifəmizdə