Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına sərt reaksiya

Mais Səfərli: “Partiya sədri hansı qərarı qəbul edirsə, aşağılara da qərarını məcbur olaraq qəbul etdirir”
Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına sərt reaksiya

"Bu gün özünü demokratik adlandıran, radikallığı ilə seçilən müxalifətdə olan partiyaların demokratiya ilə heç bir əlaqəsi yoxdur. Onlar hamıdan demokratiya tələb etsələr də öz partiyalarında demokratizmi qura bilmirlər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Müsavatdakı böhrandan danışarkən deyib.

Onun sözlərinə görə, radikal müxalifət partiyalarında rəhbərlik partiya sədrlərinin əlindədir: "Ona görə də partiya sədri hansı qərarı qəbul edirsə, aşağılara da qərarını məcbur olaraq qəbul etdirir. Belə partiyalarda demokratiyanı çoxluğun azlıq üzərində hakimiyyəti kimi başa düşürlər. Bu belə deyil. Demokratiya eyni zamanda azlığın fikirlərinə qulaq asıb, onların fikirlərindən bəhrələnməkdir. Bunlar isə öz məqsədləri üçün demokratiya anlayışından istifadə edirlər".

M. Səfərli bildirib ki, Müsavatdan Qubad İbadoğlunun çıxarılması bu partiyada demokratiyadan əsər əlamət olmadığını göstərir: "Müsavat başqanlığı uğrunda mübarizədə Qubad İbadoğlu az qala Arif Hacılı ilə bərabər səs yığmışdı. Özü də qeyd edirdi ki, seçkilər zamanı hər hansı bir manipulyasiyalar nəticəsində qalib gəlməyib. Bu gün Müsavatda Qubad İbadoğlunun çoxlu sayda tərəfdarları var. Qubad İbadoğlu tələb edir ki, hər bir partiya üzvünün səsi eşidilsin, partiyanın işi demokratik prinsiplər üzərində qurulsun, islahatlar aparılsın. Belə bir tələblə çıxış edən adamı partiyadan çıxarmaq o deməkdir ki, partiyada demokratiyadan əsər əlamət yoxdur".

M. Səfərli qeyd edib ki, cəmiyyət də Müsavatdakı anti-demokratik vəziyyəti görür və dəyərləndirir: "Ona görə də Müsavat ölkədə keçirilən seçkilərdə zərrə qədər də uğur qazana bilmir. Bu acınacaqlı vəziyyətdir və düşdükləri bataqlıqdan çıxa bilməmələrini sübut edir. Hesab edirəm ki, onlar təcili özlərinin də dediyi kimi Avropa standartlarına uyğun reformalar aparmasalar elə partiyaları bataqlıqda da qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə