Bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək

Bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək

Azərabaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılan "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsində qeyd olunur.

Qanunda bildirilir ki, bələdiyyə qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

Qanunun 5.2 bəndinə əsasən bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Həmçinin bələdiyyə qulluqçusunun insanların, hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar və hərəkətlər etməsi qanunla qadağan edilir.

Bundan başqa qanunda vurğulanır ki, bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki çəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Etik davranış qaydalarını pozan bələdiyyə qulluqçuları intizam məsuliyyətinə cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə