Elşən Musayev: “Beynəlxalq təşkilatlar “blef” edirlər”

Elşən Musayev: “Beynəlxalq təşkilatlar “blef” edirlər”

"Beynəlxalq təşkilatların bu gün əsas missiyası heç özlərinə də bəlli deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq konvensiyaların müddəalarına əsaslanaraq fəaliyyət göstərməlidirlər: "Amma bu gün bizim gördüyümüz tamam fərqli bir mənzərədir. Hazırda demək olar ki, bütün beynəlxalq təşkilatlar ikili, hətta üçlü, dördlü standartlardan çıxış edirlər. Bu qurumlar yalnız öz maraqlarını güdürlər və yalnız özlərinə sərf edən məqamda demokratiyanı, insan hüquqlarını xatırlayırlar. Eyni zamanda qlobal məsələləri qoyub çox lokal məsələlər ətrafında "blef" etməyi özlərinəməxsus şəkildə bacarırlar. Bunun da bir çox səbəbləri var. Əvvəla beynəlxalq təşkilatların böyük əksəriyyəti hazırda fövqəl dövlətlərin əlində bir oyuncaqdır. Yəni bu qurumlar hansı formada yönəldilirsə, o formada da fəaliyyət göstərirlər. İkincisi beynəlxalq təşkilatların bugünkü missiyası format ziddiyəti ilə yadda qalır. BMT-nin özündə belə bu hal mövcuddur. Azərbaycanın itirilmiş torpaqları ilə qəbul edilmiş qətnamələrin heç biri icra edilməyib. Əgər bu qətnamələr icra olunmursa, onların qəbul olunmasına heç ehtiyac da yox idi. Əgər bu qətnamələr havada qalacaqsa, onlardan yüzünü hətta milyonunu qəbul etmək olar. Bu təşkilatların heç biri qlobal məsələlərdə prinsipial mövqe nümayiş etdirmirlər.
Ancaq buna baxmayaraq, hazırda Ermənistan – Azərbaycan münaqişəsinin həlli məsələsində yenilənmələr var. Artıq problemin həlli üçün Azərbaycan qeyri-adi cəhdlər göstərir. Mən əminəm ki, bu proses tezliklə müsbət axın üzrə gedəcək və Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Bu gün Rusiyanın özü də mövqeyində neytrallıq nümayiş etdirir. Çünki Rusiya da sərhəd qonşusu kimi anlayır ki, Azərbaycan bu məsələdə haqlı tərəfdir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan qısa müddətdə işğal altında olan torpaqlarını azad edəcək. Çünki hazırda Azərbaycan rəhbərliyi bu məsələ üzərində çox ciddi düşünür".

Bütün xəbərlər Facebook səhifəmizdə