KİV haqqında təsdiq olunan Qanun yüksək dəyərləndirilir RƏY

KİV haqqında təsdiq olunan Qanun yüksək dəyərləndirilir RƏY

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Qanunu təsdiq edib. Belə ki, Qanunda Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib. "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, hər hansı bir KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edilərsə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər. Məsələ ilə bağlı SİA-ya açıqlama verən qəzet baş redaktorları bu dəyişkiliyin mətbuat sahəsində inkişafa doğru addım olacağını bildirdilər.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, CASCFEN sədri Azər Həsrət: "Bu dəyişiklik onlara bir xəbərdarlıq olacaq"

- Burada əsas diqqət çəkən məqam KİV-in il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdən sonra yayımının yasaqlana bilməsi üçün açılan imkandır. Əvvəlki qanunda bu, 3 dəfə idi. Artıq bir KİV il ərzində qərəzli yazılara görə məhkəmə qarşısında 2 dəfə cəzalandırılacağı halda, onun yayımına yasaq gətiriləcək. Digər bir tərəfdən, çox önəmli məqamlardan biri də oxşar adlarla yeni KİV-lərin qurulmasının əngəllənməsidir. Dəyişiklik bu məsələdə mütərəqqi addım sayıla bilər. Hazırda bir çox KİV-lərdə məsuliyyətsizlik, qərəz baş alıb gedir. Bu dəyişiklik onlara bir xəbərdarlıq olacaq ki, özlərinə, imza atdıqları yazılarına, bütünlükdə mətbu orqanın ciddiliyinə diqqət etsinlər. Çünki Azərbaycanda artıq çox populyar, tanınmış qəzetlərin adlarından sui-istifadə halları geniş yayılıb. Örnək üçün, "Azərbaycan", "Naxçıvan" sözləri də daxil olan çoxsaylı qəzet adları var. Bu qəzetləri təsis edənlər həmin sözləri "Azərbaycan" qəzetinin, yaxud da "Naxçıvan" qəzetinin adındakı şriftlə, eyni formada yazıb ona başqa bir söz də əlavə etməklə oxucuları çaşdırırlar. Əlavə edilmiş söz də o qədər görünməz, diqqət çəkməyəcək qədər zəif yazılır ki, bəzən oxucular o cür saxta qəzetləri orjinal qəzetlə qarışıq salırlar. Ona görə də yeni dəyişiklik sadəcə eyni adlı deyil, həm də oxşar adlı KİV orqanlarının qurulmasını əngəlləyəcək. Təsdiq edilən qanunda bütün detalları nəzərə alaraq bir KİV nümayəndəsi kimi bu dəyişiklikləri dəstəkləyirəm.

"525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid: "Ölkə başçısının təsdiq etdiyi qanunlar bütünlükdə loyal dəyərləndirilir"

- Zamanla yeni mətbu orqanlar yaranır ki, onların da qarşısına yeni tələblər çıxır. Bu mənada, ölkəmizdə qəbul edilən belə qanunlar vacibdir. KİV haqqında qanunla bağlı təklif edilən əlavə və dəyişikliklər günün tələblərindən irəli gəlir. Cənab Prezidentin ümumilikdə mediaya olan münasibəti hər bir mətbuat nümayəndəsinə məlumdur. Bu baxımdan ölkə başçısının təsdiq etdiyi qanunlar bütünlükdə loyal dəyərləndirilir. İstər Avropada, istərsə də Qərbdə bu cür demokratik qanunlara rast gəlinmir. Ona görə də, KİV haqqında qanuna edilən əlavə və dəyişkiliklər ancaq KİV-ə dəstək, fəaliyyətində peşəkarlğı artırmaq məqsədi güdür.

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Bizim missiyamız ilk öncə vətəndaşlıq mövqeyini qorumaq olmalıdır"

- Bir mətbu orqanın hadisələri izləməyə imkanı, yazmağa qələmi varsa, bütün hallarda Azərbaycan vətəndaşlarının mövqeyi qorunmalıdır. Yəni, heç bir halda insanın şərəf və ləyaqətinə toxunulmamalıdır, yazıda qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Bu tendensiya qorunmadığı halda, mətbu orqan haqqında məhkəməyə müraciət ediləcək ki, bu da onların yayımlarını dayandırmağa zəmin yarada bilər. Bu qanun layihəsini ilk öncə vətəndaşlarımızın şərəf, ləyaqətlərinin qorunması yönündə atılan addım kimi qiymətləndirirəm. Baş redaktor kimi hesab edirəm ki, bizim missiyamız ilk öncə vətəndaşlıq mövqeyini qorumaq olmalıdır. Məsələləri birtərəfli deyil, çoxtərəfli işıqlandırmağı əsas götürməliyik.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə