Zahid Oruc: “Rusiya-Türkiyə birliyinin yaranması üçün fundamental əsaslar mövcuddur”

"Şübhəsiz ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, tarix boyu bu iki dövlət arasındakı müharibələr Cənubi Qafqaz regionuna böyük zərbə vurub və bundan ən böyük ziyan çəkənlərdən biri də Azərbaycan olub: "Hesab edirəm ki, hazırki dövrdə istər iqtisadi, istərsə də enerji tərəfdaşlığı baxımından Rusiyanın Türkiyəyə daha çox etibar etməsi və ona yaxınlaşması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə eləcə də Cənubi Qafqazdakı geopolitik duruma öz təsirini göstərəcək. Bu proseslərin genişlənməsində də Azərbaycan maraqlı tərəf kimi iştirak etməlidir. Bu gün Rusiya-Türkiyə birliyinin fundamental, köklü, geopolitik maraqları baxımından əsasları mövcuddur. Yəni hər iki ölkəni bir-birinə Avropa birliyi ilə münasibətlərdə xeyli problemləri olması yaxınlaşdırır. Onu da qeyd etmək yerinə düşərdi ki, artıq hər iki xalqın nümayəndələri bir-birilərinə münasibətdə xeyli yaxınlaşıblar. Bu yaxınlaşma əsasən turizm sektoru ilə əlaqədardır. Belə olan təqdirdə Rusiya-Türkiyə əlaqələrinin gələcəyinə nikbinliklə baxmaq lazımdır. Lakin bu yaxınlaşmada müəyyən problemlər də ortaya çıxır. İlk növbədə Ermənistanın bu münasibətlərə təsiri neytrallaşdırılmayıb, hələ də bu ölkədən Türkiyə və Azərbaycan əleyhinə istifadə olunur və Rusiya siyasi elitasında və diplomatiya aləmində bu mövqedən daşınmayanlar da hələ ki mövcuddur. Digər bir problem isə ondan ibarətdir ki, Türkiyə əleyhinə olan beynəlxalq problemləri Rusiya bölüşmək istəmir. Qardaş ölkə Rusiya əleyhinə olan sanksiya rejimini müdafiə etməsə də Rusiya bu addımı tam şəkildə anlayışla qarşılamır. Buna görə də bu iki ölkə arasında bir sıra məsələlərdə problemlər qalmaqdadır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiya-Türkiyə baxışlarını vahid bir məcraya salmaq üçün də görüşlərə ehtiyac var. Hətta mən çox arzulayıram ki, Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan formatında görüşlər də keçirilsin. O da bəllidir ki, qərb dairələri Rusiya-Türkiyə birliyini arzulamır və bu birliyin qurulmaması üçün hər vəchlə təzyiq göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə