Erməni mətbuatı Sarkisyan və “DQR” rejimini YIXIB-SÜRÜDÜ

Erməni mətbuatı Sarkisyan və “DQR” rejimini YIXIB-SÜRÜDÜ

Ermənistan mətbuatı ölkə prezidenti Serj Sarkisyana və separatçı "DQR" rejiminə qarşı səlib yürüşünə çıxıb. SİA xəbər verir ki, ölkənin "Jamanak", "Aravot", "168 jam", "Çorrord işxanyutun" kimi nəşrləri bu ətrafda çoxsaylı məqalələr dərc edirlər. Qəzetlər xüsusilə, Berdzorda (Laçın dəhlizində-red.) bir neçə gün öncə baş verən qanlı insidentdə Ermənistanın və separatçı "DQR" rəhbərliyini hədəfə alıblar. Belə ki, Ermənistanın müxalifətyönlü təşkilatlarından olan "Parlament təsisatı" qondarma "DQR"-ə avtoyürüş təşkil etmək istəyib. Lakin həmin yürüş Berdzor rayonu ərazisində kəskin və qanlı qarşıdurma ilə başa çatıb. Yürüş iştirakçılarının qarşısını "DQR" polisi xüsusi qəddarlıqla almalı olub. "Parlament təsisatı" təşkilatının iştirakçılarına qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən, rezin güllələrdən istifadə olunub. Hətta silahlardan atəş də açılıb. Ermənistanın tanınmış politoloqları və ekspertləri isə bu hadisənin, məhz Serj Sarkisyanın təlimatı ilə baş verdiyini bildirirlər. Həmin məqalələrin bir hissəsini oxucularımıza təqdim edirik.

"Jamanak": "Bu, Ermənistan və Qarabağ üçün sonun başlanğıcıdır"

"Jamanak" qəzeti yazır: "Yanvarın 31-də baş verən insidentə görə məsuliyyət bilavasitə "DQR"-in və Ermənistan respublikasının rəhbərliyinin üzərinə düşür".

"Bu hadisə klanlar arasında olan münaqişənin davamıdır" -deyə qeyd edən nəşrdə daha sonra bildirilir ki, həqiqətən də dəhşətli hadisə baş verib və Ermənistanla Qarabağ arasında yaşanan olay gələcək üçün yaxşı heç nə vəd etmir: "Bu hadisə xətti həm Ermənistan, həm də Qarabağ üçün sonun başlanğıcı kimi nəticələnəcək. Əgər bunu başa düşməyənlər müvcuddursa, onların hələ ki, düşünməyə vaxtları var".

"Aravot": "Yoxuşda dayanaraq havaya atəş açan maskalılar kimlər idi?"

"Aravot" qəzetinin redaktoru isə yazır: "Polis ölçüdən kənar, vəhşi üsullara istənilən yerdə əl ata bilər – Ermənistanda, "Artsaxda", hətta deyək ki, Los-Ancelesdə. Sadəcə fərq ondadır ki, Los-Ancelesdə sənə qarşı zor gücü, vəhşilik törədən polisi məhkəməyə verə bilərsən. Hətta həmin məhkəməni udmaq şansını da əldə edərsən. Çünki ədalət sənin tərəfində olacaq".

Qəzetin redaktoru yazır ki, Ermənistanda da hüquq-mühafizə orqanlarının əməkdaşlarını məhkəməyə vermək olar: "Lakin sənin həmin məhkəməni udmaq şansın yoxdur. "Artsaxda" isə belə başa düşürəm ki, sənin məhkəməyə müraciət etməyə ümumiyyətlə, imkanın yoxdur. Bu zaman sual yaranır – "Aartsax"da hüquqları pozulan Ermənistan vətəndaşı nə etməlidir? Bax bu anlaşılan deyil".

"Mən bu problemi məhz bu hüquqlar çərçivəsində görürəm"-deyə qeyd edən erməni jurnalisti daha sonra sual edərək yazır: "Parlament təsisatı" təşkilatının avtoyürüş keçirən üzvlərinə hücum edənlər kimlər olublar? Əgər hücum edənlər polislər idisə, onlar hansı şöbəni, yaxud da əməliyyat qrupunu təmsil edirdilər? Yoxuşda dayanaraq havaya atəş açan maskalılar kimlər idi? Bu informasiyanı rəsmi şəkildə almaq kifayət qədər çətindir. Belə olan halda məhkəməyə müraciət etmək haqqında düşünmək nə qədər mümkündür? Bütün mənalarda Ermənistan respublikasının və "DQR"-n müvafiq orqanları arasında bu kimi əlaqələr (insanlara hücum edib, onları döymək-red) üçün razılaşma sənədləri olmalıdır. Əgər bu yoxdursa, ortada yalnız emosional fikirlər söyləmək və siyasi spekulyasiyalar etmək qalır. Özü də hər iki tərəfdən".

"Çorrord işxanyutun": "DQR" cəza tədbirləri üçün Ermənistan hakimiyyəti ilə razılığa gəlib"

Digər erməni qəzeti - "Çorrord işxanyutun"un yazdığına görə isə, "DQR"-güc strukturlarının Laçın koridorundakı preventiv hərəkətləri bir daha göstərir ki, nə Ermənistanda, nə də Qarabağda heç bir dövlət qurulmayıb: "…Eyni zamanda, cəza dəstələrinin tədbirlərinin arxasında Ermənistan hakimiyyətinin dayanması şübhəsizdir. "DQR" cəza tədbirləri üçün Ermənistan hakimiyyəti ilə razılığa gəlib".

"168 jam": " Bu hadisəni mühakimə etmək ən azından heç nə deməmək kimi anlaşılmalıdır"

Ermənistanda dərc edilən "169 jam" qəzeti yazır: "Misli görünməmiş zor gücü tətbiqi baş verib. Hansı ki, bu hadisəni mühakimə etmək ən azından heç nə deməmək kimi anlaşılmalıdır. Bu mənada, hər kəs eyni mövqedən çıxış edir. Digər tərəfdən, sosial şəbəkələrdə aparılan müzakirələrdə fəal şəkildə belə bir sual ünvanlanır ki, "Parlament təsisatı" nəyə görə, cəbhənin təmas xəttində atəşkəsin tez-tez pozulduğu bir zamanda Ermənistan rəhbərliyinə qarşı mübarizə çərçivəsində "100 il rejimsiz" şüarı ilə Dağlıq Qarabağa avtoyürüş təşkil edib. Bu səbəbdən, edilən hücumlara görə həm siyasi, həm də hüquqi planda yaranan suallara cavab axtarmaq lazımdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə