Erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi

Erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi

Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları" mövzusunda konfrans keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı müasir Azərbaycanın erməni təcavüzünün ölkəmizə vurduğu ziyanların qiymətləndirilərək beynəlxalq təşkilatlar qarşısında təqdimatının keçirilməsinin zəruriliyi barədə danışıb.

Bildirib ki, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində apardığı işğalçılıq siyasəti, ölkəmizə böyük miqdarda zərər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün pozulması və qeyri sabitliyin əsas səbəbidir: "İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, o cümlədən zəngin mineral xammal bazamız, ərazilərimizdəki zəngin və qiymətli fauna və floramız varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və aparıcı dünya dövlətlərinin ikili standartlı yanaşmaları, hazırda beynəlxalq aləmin geniş miqyasda əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib".

X. Kazımlı vurğulayıb k, misli görünməmiş erməni təcavüzünə baxmayaraq, müstəqilliyimizin və inkişafımızın qarantı olan ölkə rəhbərliyinin xarici və daxili səviyyələrdə apardığı düzgün siyasi xətt, respublikamızın mövcud stabil və güclü iqtisadiyyatının yüksək tempdə inkişafı hər kəsdə fərəh hissi doğurur.

Daha sonra Azərbaycan xalqının genetik fonduna qarşı Ermənistan tərəfindən törədilmiş terror hadisələrindən bəhs edən qısametrajlı filmin nümayişi olub.

Konfransda məruzə ilə çıxış edən Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi qrupunun üzvü Nüsrət İbrahimov deyib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edir: "Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur. Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artmaqda davam edir".

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi ekologiya şöbəsinin rəisi Adil Məmmədov ermənilərin Azərbaycana qarşı törətdiyi ekoloji terrordan söz açıb.

Hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın ekoloji terror hesab edildiyini vurğulayan A. Məmmədov qeyd edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və torpaq qatları qazılaraq məhv edilir: "Bunun nəticəsində həmin ərazidə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə edilmiş məlumata əsasən həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilimişdir. Çəkilən yol müharibəyə xidmət etməklə yanaşı, Azərbaycan təbiətinin məhvinə səbəb olmuşdur".

A.Məmmədov əlavə edib ki, ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib.

Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, itki və tələfatların beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsi olduqca vacibdir: "Maddi baxımdan qiymətləndirmə mümkündür, ancaq mənəvi baxımdan qiymətləndirmə kifayət qədər çətin və vacibdir".

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov da çıxışında qeyd edib ki, Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub: "Zaman keçdikcə maddi ziyanları qaldırmaq mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur. Biz erməni tapdağı altında olan torpaqlarımızı mütləq azad etməliyik və ermənilər də bilməlidirlər ki, o torpaqlar onlarda müvəqqətidir".

Çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, bu gün Azərbaycanın sosial-iqtisadi və digər bütün sahələrdə inkişafında xüsusi bir sistem, təcrübə toplanıb ki, bunu da inkişafın Azərbaycan modeli adlandırırlar: "Yəni, Azərbaycanın uğurlarından çox danışmaq, çoxlu sayda nümunə göstərmək, rəqəmlər sadalamaq olar. Əgər bədnam qonşularımızın Azərbaycana qarşı bu təcavüzü olmasaydı, uğurlarımız daha çox ola bilərdi. Əlbəttə ki, bu təcavüzün bizə vurduğu ziyanları hesablayırıq. Mən hələ maddi itkilərimizi qoyuram kənara, bizim burada ən böyük itkilərimiz insan itkilərimizdir. Bizim 13 min 700 şəhid ailəmiz var".

E. Paşayev qeyd edib ki, hazırda Azərbaycaanın 11 mindən çox Qarabağ müharibəsi əlili var: "Ailələri ilə birgə götürdükdə 30 mindən çox təkcə müharibədə birbaşa ziyan görənlər var. 70 minə qədər isə müharibədə psixoloji və digər zərbələr alan veteranımız var. Bunlar da böyük itkilərdir".

Tədbirin davamında mövzu ətrafında məruzələr dinlənilib və bir sıra təkliflər səsləndirilib.

Konfransın sonunda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın geniş, məzmunlu çıxışı ilə bundan sonra da xalqımız və dövlətimizin beynəlxalq səviyyədə mənafeyi naminə çalışacağını bəyan edən dövlət başçısı İlham Əliyevə təşəkkür xarakterli müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə