Millət vəkilləri yaz sessiyasının məhsuldar olacağını bildirdilər RƏYLƏR

Millət vəkilləri yaz sessiyasının məhsuldar olacağını bildirdilər RƏYLƏR

Milli Məclisin yaz sessiyası artıq öz işinə başlayıb. Qış sessiya dövründə bir çox qanunlar qəbul olunub, əksər qanunlara isə əlavələr və dəyişikliklər edilib. Azərbaycanla müxtəlif ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirən sənədlər, sazişlər də təsdiq olunub ki, bu da beynəlxalq münasibətlərdə öz nəticəsini göstərəcək. Bəzi qanunlara edilən dəyişikliklərlə cəzaların sərtləşdirilməsini də müşahidə etdik ki, bu da birmənalı qarşılanmır. Parlamentin yaz sessiyasını dəyərləndirən millət vəkilləri SİA-ya açıqlamalarında bəzi qanunların qəbulunun bu sessiyada baş tutacağını da bildirdilər.

İsa Həbibbəyli: "Parlament yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərəcək"

Millət vəkili İsa Həbibbəyli bildirdi ki, ötən qış sessiyasının çox məhsuldar olduğunu bildirdi: "Milli Məclisin qış sessiyası öz işini uğurla başa vurdu. Artıq yaz sessiyasının ilk plenar iclası uğurla öz işinə başlayıb. Ötən sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu. Qəbul olunmuş qanunvericilik aktları bütün sahələri əhatə edir. Xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir".

Millət vəkili qeyd etdi ki, bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir: "Ona görə də hesab edirəm ki, Azərbaycan parlamenti ötən sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib, yaz sessiyası da çox məhsuldar olacaq. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Xüsusilə, ötən sessiyası dövründə bir sıra ölkələrin dövlət başçıları, spikerləri, eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək".

Malik Həsənov: "Yaz sessiyasının işi də çox məhsuldar olacaq"

Millət vəkili Malik Həsənov bildirdi ki, Milli Məclisin qış sessiyası öz işini uğurla başa çatdırıb, yaz sessiyası öz işinə başlayıb: "Artıq bildiyimiz kimi, ötən sessiyada bir sıra əhəmiyyətli qanunlar qəbul olunmaqla yanaşı, dövlətin inkişafı istiqamətində qəbul ediləcək digər qanun layihələri ətrafında da səmərəli müzakirələr aparıldı. Yaz sessiyasına gəldikdə isə, hesab edirəm ki, bu sessiyada da bir çox mühüm qərarların, qanunların qəbul olunması reallaşdırılacaq. Əəvvəlki sessiyalarda olduğu kimi bu sessiyada da parlamentin ən məhsuldar sessiya olacaq. Əvvəlki sessiyada qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik. Həm müvafiq strukturların illik hesabatlarını dinlədik. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildi. Ən əsası isə parlament cəmiyyətin ciddi ictimai müzakirə mərkəzi olduğunu bir daha təsdiq elədi. Həm gündəliyə salınan məsələlər, həm də günün aktual məsələləri üzrə vaxtaşırı məsələlər qaldırılır. Hesab edirəm ki, bu gün Azərbaycan Milli Məclisi cəmiyyətin ona yönəltdiyi ümidləri doğrulda bilir. Təbii ki, yaz sessiyasında da bizim bir millət vəkili kimi təkliflərimiz, müzakirələrimiz olacaq. İnanırıq ki, bütün bu kimi səylərimiz gələcəkdə də öz səmərəsini verəcək. Mən deputat həmkarlarıma yaz sessiyasında başlayacaqları işlərində uğurlar arzulayıram".

Nəriman Əliyev: "Bu gün Azərbaycanın bütün sahələrdəki inkişaf və tərəqqisi silahlı qüvvələrimizə də öz töhfəsini verməkdədir"

Millət vəkili Nəriman Əliyev qış sessiyasını uğurla başa vurduğunu və bu sessiyada da bir çox qanunların qəbul olunacağını bildirdi: "Bu gün Prezident İlham Əliyev Cənablarının apardığı məqsədyönlü, praqmatik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi temp ən yüksək həddə artımla müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının məntiqi nəticəsi kimi dəyərləndirilir. Məhz Ulu Öndərimiz demişdir ki, iqtisadiyyatı güclü olan dövlət qüdrətli və yenilməzdir. Bu gün Azərbaycanın bütün sahələrdəki inkişaf və tərəqqisi silahlı qüvvələrimizə də öz töhfəsini verməkdədir. Azərbaycan ordusu Cənubi Qfqazın ən güclü ordusu olmaqla yanaşı, artıq dünyanın bir neçə qaynar nöqtələrində sülhməramlı taborlar daxilində öz sözünü deməkdədir. Söz yox ki, burada əsas məsələ Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının ordu quruculuğuna göstərdiyi diqqət və qayğısıdır. Azərbaycan ordusunun daha da müasirləşdirilməsi istiqamətində görülən səmərəli işlər, qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılması nəticəsində həm ordu heyəti, həm də ordunun təchizatı istiqamətində yüzlərlə işlər aparılmışdır. Bu gün oruya qoyulan vəsait Ermənistanın dövlət büdcəsini kifayət qədər üstələməkdədir. Və sabah hər hansı bir təhlükə yaranarsa, Azərbaycan ordusu Ali Bşa Komandanın əmri ilə işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edəcək.

Ümumiyyətlə inanıram ki, yaz sessiyamız da çx məhsuldar olacaq".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə