Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP GB-nin ötən ilki fəliayyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.
Mərasimi açıq elan edən Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, siz gənclər ölkəmizin sürətli inkişafının hər birimizə təmin etdiyi imkanlardan faydalanırsınız: "Bu gün Azərbaycan sözün həqiqi mənasında tarixinin qızıl əsrini yaşamaqdadır. Bir çox xalqlar öz tarixlərində qızıl əsri keçmişlərində axtarırlar. Azərbaycan isə özünü qızıl əsrini bu günlərdə yaşamaqdadır. Çox sevindiricidir ki, siz məhz bu dövrün həm şahidlərisiniz, həm də bu dövrün yaratdığı imkanlardan istifadə edən gənc Azərbaycan vətəndaşlarısınız. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı önəmli yer tutur. Məhz onun təşəbbüsü, ideyası və birbaşa tapşırığı əsasında Azərbaycanda Gənclər Günü təsis olunub, Gənclər və İdman Nazirliyi yaradılıb. Gənc Azərbaycan vətəndaşlarının qayğısız böyüməsi və inkişaf etdirilməsi üçün dövlətin bütün imkanlarının səfərbər edilməsi kimi çox vacib addımlar həyata keçirilməkdədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında əsası Ulu Öndər tərəfindən qoyulan siyasət uğurla davam etdirilir. Gənclərin inkişafı, onların Azərbaycanın imkanlarından hərtərəfli faydalanması və inkişaf etməsi üçün hər cür şərait yaradılıb. Gənclər təhsil almaq, işlə təmin olunmaq ictimai-siyasi həyatda iştirak etmək, dövlət quruculuğu, dövlət işlərində iştirak etmək baxımından hesab edirəm ki, bu siyasətin bəhrələrini görməkdədirlər".
Ə.Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan gəncliyinin böyük bir hissəsi Ümummilli Liderin yaratdığı, onun ideyaları ilə yaşayan və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın üzvləridir: "YAP-ın sıralarında 650 minə yaxın Azərbaycan vətəndaşı birləşib. Bunun 40 faizə qədəri gənc oğlan və qızlardır. Təxminən 250 min fəal Azərbaycan gənci hakim partiyanın sıralarında öz siyasi fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, Azərbaycanın tarixində heç zaman bu qədər fəal gəncləri bir təşkilatda birləşdirən qurum olmayıb. Təbii ki, Azərbaycan gənclərinin böyük bir hissəsinin YAP-ın sıralarında birləşməsi Azərbaycan gəncliyinin bütövlükdə Heydər Əliyev ideyalarına, onun yaratdığı dövlətə, dövlətçiliyə və bu gün bu dövlətə rəhbərlik edən Ulu Öndər siyasətini uğurla davam etdirən İlham Əliyevə olan inamının nəticəsidir".
Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb: "Arzu edirəm ki, sizlər Azərbaycanın ən layiqli vətəndaşı kimi öz öhdəliklərinizi uğurla yerinə yetirəsiniz. Biz YAP Gənclər Birliyinin 2014-cü ildəki hesabatı ilə tanış olduq və bu göstərdi ki, sizin həyatınız, fəaliyətiniz Azərbaycanın ümumilikdə həyatı və fəaliyyəti ilə bağlıdır. Eləcə də sizin nəbziniz, qəlbiniz Azərbaycanın qəlbi və nəbzi ilə döyünür. Mən çox böyük qürur hissi ilə YAP-ın gəncliyinin işini xüsusi qeyd etmək istəyirəm. Hər bir millətin, xalqın gələcəyi gənclik olduğu kimi Azərbaycanın da gələcəyinin sizin kimi bir gəncliyin əlində olmasından yalnız qürur duymaq lazımdır. Siz həqiqətən də öz öhədliklərini bilən, vətəndaş məsuliyyətini dərk edən, xalqı, milləti, vətəni, əqidəsi, seçdiyi siyasi yol qarşısında vicdan borcunu məsuliyyətlə yerinə yetirən gəncliyinin nümayəndələrisiniz".
Sonra YAP Gənclər Birliyinin fəal üzvləri Arzu Xəlilova və Güllü Eldarqızı çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda isə ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB