Sədaqət Vəliyeva: "Yeni Azərbaycan Partiyası müxalifət partiyalarından fərqli olaraq, xalqın partiyasıdır"

"Bildiyimiz kimi, YAP-ın fəaliyyətinin əsas məqsədi ölkədə gedən inkişaf və tərəqqi prosesində yaxından iştirak etməkdir". Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında irəli sürülən fikirlərə, qəbul edilmiş qərarlara münasibətini bildirərkən deyib. Sədaqət Vəliyeva bildirib ki, məhz bu baxımdan, partiyamızın ölkəmizin tərəqqisindəki rolu və yeri danılmazdır: "Partiyamız bütün seçkilərdə qələbə və zəfər qazanmaqla, bir daha sübut edir ki, YAP-a alternativ ola biləcək heç bir digər siyasi təşkilat yoxdur.

Məsələn, ötən ilin başlıca siyasi hadisəsi bələdiyyə seçkiləri oldu. Keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri mandatların çoxunu qazanmaqla partiyanın növbəti seçki qələbəsini təmin etdilər".

Partiya təmsilçisi həmçinin bildirib ki, bu qələbənin mühümlüyü partiyanın Sədri, Prezident İlham Əliyev cənablarının Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlərin bariz nəticəsidir: "Artıq Yeni Azərbaycan Partiyası növbəti hesabatını açıqlayıb və onu xalqa təqdim edib. Bütün bu şəffaf, demokratik amillər isə bir daha təsdiq edir ki, Yeni Azərbaycan Partiyası hesabatlarını açıqlayarkən, hər zaman xalq faktorunu üstün tutmuş və bu cür uğurlu fəaliyyətini davamlı olaraq yürütməkdədir. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyalarından fərqli olaraq, xalqın partiyasıdır".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə