Sədr müavini: “Ölkəmizin iqtisadi təhlükəsizliyi layiqincə qorunur”

Sədr müavini: “Ölkəmizin iqtisadi təhlükəsizliyi layiqincə qorunur”

"İlin sonu adətən 2 mühüm məqamla diqqəti çəkir. Bir tərəfdən ilə yekun vurulur digər tərəfdən isə növbəti ilin yeni məqsəd və niyyətləri hədəflənir". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev DGK-nın yaranmasının 23-cü ildönümü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Sədr müavinin sözlərinə görə, keçmiş uğurlar bir qayda olaraq gələcəyin daha böyük nailiyyətləri kimi möhkəm təmələ və bünövrəyə çevrilir: "Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin milli iqtisadiyyatı şaxələndirmə prinsipi əsasında inamla inkişaf edir. Ölkəmizin milli iqtisadiyyatının inkişafında və Respublikanın iqtisadi təhlükəsizliyinin qorunmasında DGK-nın mühüm rola malikdir. Hər il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən gömrük orqanları üçün müəyyən olunmuş illik büdcə proqnozu artıqlaması ilə yerinə yetirilir və ölkəmizin iqtisadi təhlükəsizliyi layiqincə qorunur".

S.Mehdiyev deyib ki, Azərbaycan gömrük xidməti Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq ölkə başçısı cənab İlham Əliyevin daim diqqəti və qayğısı ilə əhatə olunan mükəmməl gömrük sisteminə çevrilib: "Ötən 2014-cü il ərzində milli iqtisadiyyatın stimullaşdırılması dövlətimizin iqtisadi siyasətindən irəli gələn aidiyyatı vəzifələrin icrası, Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasının təmin edilməsi, xarici iqtisadi ticarət münasibətlərində gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin alınması, valyuta nəzarətinin həyata keçirilməsi və s. istiqamətində müvafiq tədbirlər görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə