Mərkəz direktoru: “Azərbaycanlı girovlar öz hərəkətlərinə görə məsuliyyət daşımırlar”

Mübariz Əhmədoğlu: “Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqları dövründə onların həyatı, danışdığı sözlər, hərəkətlərinin məhdudlaşdırılması, davranışlarına təsir, verdikləri bəyanatlara görə ancaq işğalçı Ermənistan, onun prezidenti Serj Sarkisyan, eləcə də bu işin əsas kuratoru Seyran Ohanyan məsuliyyət daşıyır”.

"Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz hərəkətlərinə görə məsuliyyət daşımırlar. Çünki, onlar girovdurlar, sərbəst hərəkət etmək, düşünmək, qərar vermək imkanlarına malik deyillər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Şahbaz Quliyev və Dilqəm Əsgərovun birinci instansiya məhkəməsinin "qərarı"ndan apellyasiya şikayəti verəcəklərinə dair Ermənistan mətbuatında yayılan xəbərləri şərh edərkən deyib.

M. Əhmədoğlu deyib ki, ermənilər girovlarımızın davranışına, danışığına, verdiyi bəyanatlara istənilən cür, təzyiq və təsir etmə imkanına malikdirlər: "Kim bilir, bəlkə onlara günlərlə yemək verilmir. Bəlkə də onlara çox ədəbsiz "yemək" verilir.

Yəni, orada müstəqil azərbaycanlı yoxdur ki, gedib onların vəziyyəti ilə tanış olsunlar. Hesab edirəm ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqları dövründə, onların həyatı, danışdığı sözlər, hərəkətlərinin məhdudlaşdırılması, davranışlarına təsir, verdikləri bəyanatlara görə ancaq işğalçı Ermənistan, onun prezidenti Serj Sarkisyan, eləcə də bu işin əsas kuratoru Seyran Ohanyan məsuliyyət daşıyır".

"Şahbaz Quliyev və Dilqəm Əsgərovun könüllü şəkildə "məhkəmə"nin qərarında apelyasiya şikayəti verməsi mümkün deyil. Əgər girovlarımız "Dağlıq Qarabağ Respublikası"nı tanısaydılar dədələrinin, babalarının qəbirlərini ziyarət etməyə gedəndə o "hökumət"dən icazə alardılar. Onlar qondarma rejimi tanımırlar və tanımayacaqlar. Yəni, Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma rejimi tanımamaqlarının əlaməti üzdədir. Onlar Kəlbəcərə gedəndə bilirdilər ki, torpaqlarımız erməni işğalı altındadır və buna baxmayaraq özləri müstəqil şəkildə gediblər. Yəni, "Dağlıq Qarabağı Respublikası"ndan icazə almayıblar. Əgər onlar icazə alsaydılar, tanınmaq məsələsi müəyyən mənada yozula bilərdi" – Politoloq bildirib.

M. Əhmədoğlu qeyd edib ki, erməni tərəfi "məhkəmə prosesi"nə və qondarma "DQR"ə legitimlik donu geydirmək üçün azərbaycanlı girovları bu məsələyə məcbur etmək istəyirlər: "Hazırda ermənilər görürlər ki, girovların taleyi ilə Rusiya maraqlanır. Ona görə də belə hərəkətlər edirlər. Bununlada onlar göstərmək istəyirlər ki, guya azərbaycanlı girovlarla bağlı proses gedir. Hesab edirəm ki, Rusiya bu məsələyə marağını daha da artırmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə