"Müsavat Partiyasının Divan toplantısında iştirakla bağlı dəvəti qəbul etmişəm. Sadəcə, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatınının təşkilatlanması ilə məşğulam". Bu fikirləri SİA-ya Müsavat Partiyasının funksioneri Qubad İbadoğlu fevralın 2-də partiyanın Divan toplantısına dəvət edilməsinə münasibət bildirərkən deyib. Qubad İbadoğlu hesab edir ki, əgər partiyanın gələcək işlərində hər hansı bir yenilik olsa, bu zaman Divanın toplantısına qatıla bilər: "Prinsipcə müəyyən dəyişikliklər olmasa, öz toplantılarıma qatılacağam. Əgər partiyada hər hansı bir yeniliklər olacaqsa, o zaman iştirak edəcəm. Çünki orada təmsil olunanlara deyiləcək sözlərim çoxdur".
"Müzakirələr bağlı qapılar arxasında olmamalıdır"
ADR hərəkatının təsisçisi həmçinin bildirib ki, partiyadaxili narazıçılıqlarla bağlı istənilən müzakirələrə hazırdır. Lakin həmin mzakirələr hər bir Müsavat üzvü üçün də açıq olmalıdır: "İstənilən müzakirəyə hazıram. Müzakirələr açıq, şəffaf partiyanın Nizamnaməsi çərçivəsində olmalı, bağlı qapılar arxasında deyil. Hər zaman seçilən təkliflərlə, təşəbbüslərlə çıxış etmişik və bundan sonra da fəaliyyətimiz bu istiqamətdə olacaq".
"Bəzi məsələləri gündəmə çıxarmağa çalışırlar"
Qubad İbadoğlu xatırladıb ki, o, Arif Hacılı ilə İsa Qəmbəri mövcud vəziyyətlə əlaqədar dialoqa dəvət edib: "Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar tədbirdən sonra İsa Qəmbərin və Arif Hacılının iştirakı ilə mövcud vəziyyəti müzakirə etmək üçün onları dialoqa çağırmışam. Müsavatda sülhü bərpa etmək, daxili gərginliyi aradan qaldırmaq, barışığa nail olmaq üçün qərarlar verməyi düşünürdük. Təəssüflər olsun ki, təklifimdən sonra bəzi məsələləri gündəmə çıxarmağa çalışırlar. Guya bizim fəaliyyətimiz Nizamnaməyə ziddir. Yaxşı olardı ki, partiya rəhbərliyi bütün diskussiyalara açıq olsun".
Xatırladaq ki, Divanın növbəti toplantısında Qubad İbadoğlunun partiyadakı fəaliyyəti müzakirə olunacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB