Sarkisyan keçmiş prezidentin HƏDƏFİNDƏ

Robert Köçəryan: “Xalqın hiddəti təsəvvürəgətirilməz hadisələrə səbəb olacaq”
Sarkisyan keçmiş prezidentin HƏDƏFİNDƏ

"Gümrüdəki faciə öz qəddarlığı ilə bütün Ermənistanı silkələyib". SİA xəbər verir ki, bu fikirləri erməni mətbuatı ölkənin eks-prezidenti Robert Köçəryanın şəxsi "facebook" səhifəsindən götürüb.

Köçəryan mövcud vəziyyətdə Serj Sarkisyan rejiminin fəaliyyətsiz və günahkar olmasını da qeyd edib: "Çox güman ki, xalqın hədsiz hiddəti kütləvi və təsəvvürəgətirilməz dərəcədə hadisələrin baş verməsinə səbəb ola bilər. Bunun qarşısını almaqdan ötrü isə hakimiyyət ildırım sürətli qərarlar qəbul etməli idi. İlk növbədə, xalqa inandırılmalıydı ki, cinayətkar erməni hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunacaq və onun işinə Ermənistan məhkəməsi baxacaq".

Robert Köçəryan buna bənzər hadisənin 1999-cu ildə də baş verdiyini xatırladaraq deyib ki, həm erməni, həm də rus tərəfindən qabaqlayıcı addımlar mütləq atılmalıydı: "Belə olsaydı, faciə kontekstində hazırda Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılması ətrafında fikirlər səsləndirilməzdi. Ermənistan hakimiyyətinin dövlət məmurları heç nəyə yaramayan, bir-birini vuran və çaşqın bəyanatları ilə alovun üzərinə yağ atmış oldular. Bununla, onsuzda gərgin vəziyyət daha da gərginləşdirildi. Nəticədə xalq polisin üzərinə hücum çəkməklə rüsvay oldu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə