Tural Abbaslı: “Müxalifətin vəziyyəti ürəkaçan deyil” AÇIQLAMA

Tural Abbaslı: “Müxalifətin vəziyyəti ürəkaçan deyil” AÇIQLAMA

"Bu vəziyyəti şəxsiləşdirmək istəməzdim. Çünki burada məsələ iki partiyadan gedir. Demək istəməzdim ki, bu Əli Kərimli və Arif Hacılının şəxsi münasibətləri nəticəsində yaranmış məsələdir". Sözügedən fikirləri Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı AXCP sədri Əli Kərimlinin Arif Hacılının parlament seçkiləri ərəfəsində təklif etdiyi əməkdaşlıq müraciətini rədd etməsinə münasibət bildirərkən deyib.

"125 dairədə qalib gəlmək üçün mübarizə aparacaq qədər gücümüz yoxdur"

Lakin buna baxmayaraq, müsavatçı funksioner düşərgədəki vəziyyətin heç də yaxşı olmadığını etiraf edib: "Müxalifətin hazırkı durumu heç də ürəkaçan deyil. Müxalif partiyaların heç birinin elektrotatı o qədər deyil ki, hər biri ayrı-ayrılıqda seçkiyə qatıla bilsin. 125 dairədə qalib gəlmək üçün mübarizə aparacaq qədər gücümüz yoxdur. Xalqın ümidlərini doğrultmaq, mübarizəyə olan etibarını qaytarmaq üçün müxalifət partiyaları bir araya gəlməyə məhkumdurlar. Əks halda biz fərdi şəkildə, yəni seçkiyə qatılmaq naminə seçkiyə getməli olacağıq".

"Əks halda, hər hansı uğur barədə düşünmək əbəsdir"

Tural Abbaslı hesab edir ki, bunun üçün səmimi birliyinin yaradılması labüddür. Belə ki, istər Müsavat, istərsə də AXCP rəhbərliyi üzərlərinə düşəni icra etməli, şəxsi münasibətləri ikinci plana atmalıdırlar: "Bu baxımdan, istər Əli Kərimli, istərsə də Arif Hacılı ortada olan şəxsi münasibət məsələlərini kənara qoymalıdırlar. Əks halda, hər hansı uğur barədə düşünmək əbəsdir".

"Seçkilərdəki iştirakımı qətiləşdirmişəm"

Müsavatçı funksioner bu ilin payızında keçiriləcək parlament seçkilərinə qatılacağını da deyib: "Parlament seçkilərində namizədliyimi irəli sürməyi düşünürəm. Bu yöndə partiya rəhbərliyi ilə müəyyən söhbətim olub və hər hansı problemin yaşanacağına inanmıram. Lakin problem yaşansa belə, seçkilərdəki iştirakımı qətiləşdirmişəm".

"ADR Hərəkatının yaradılmasındakı qətiyyətsizlik fraksiyanın yaradılması prosesini ləngidir".

Fraksiyanın yaradılması məsələsinə də toxunan Tural Abbaslı Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fraksiyanın yaradılması istiqamətində ləngimələr yaratdığını da deyib: "Proseslərdən narazı qismin qəti qərar verməməyindən dolayı fraksiyanın yaradılması gecikir. Düşünürəm ki, yaxın zamanlarda fraksiyanın yaradıldığını elan edəcəyik. Müsavat Partiyasında idarəçilik metodunun düzgün qurulmaması, məsələlərə biganə yanaşma, "Burda mənəm Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyəti partiyanın zəifləməsinə aparıb çıxarır. Bu baxımdan, fraksiyanı yaratmağı özümüzə borc bilirik. Əminik ki, bu istiqamətdə fəaliyyətimizlə partiya daxilində baş verən bir çox mənfi tendensiyaları aradan qaldıracağıq".

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılının, eləcə də eks-başqan İsa Qəmbərin də parlament seçkilərində iştirak edəcəkləri partiya funksionerləri tərəfindən təsdiqlənib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə