"QHT-lərə Dövlət Dəstəyi Şurasının konfransı keçirilib" TƏDBİR-FOTOLAR

"QHT-lərə Dövlət Dəstəyi Şurasının konfransı keçirilib" TƏDBİR-FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.

İlk öncə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü ildə Şuranın fəaliyyəti ilə yerinə yetirilən layihələrin aktuallığı və efektivliyi baxımından özünəməxsus uğurları ilə seçildiyini qeyd edib: "İl ərzində yerli QHT-lər üçün iki maliyyə yardımı müsabiqəsi elan edilmişdir ki, bunlar da Bakı şəhərində və regionlarda həyata keçirilərək uğurlara imza atıb. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biri kimi bu il də QHT gündəmində başlıca yer tutub. Xarici ölkə universitetlərində Qarabağ həqiqətlərini özündə əks etdirən guşələrin yaradılması da Şuranın uğurları sırasındadır. Bununla belə bu il ərzində QHT-lərin digər ictimai qurumlarla əməkdaşlığının gücləndirilməsi, mədəniyyətimizin ayrı-ayrı sahələri ilə bağlı actual məsələlərin gündəmə gətirilməsi, region gənclərinin inkişafını nəzərdə tutan bir sıra mövzular QHT-lərə təklif edildi. 2014-cü ildə elan edilmiş maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 386 layihəsinə Şura tərəfindən ümumilikdə 2.928,292 AZN büdcə vəsaiti ayrılıb ki, yerinə yetirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar, 23 kitab, 20 broşür, 71 buklet, 8 film, 5 sayt hazırlanıb. Bu ilin ən vacib məqamı isə bütün QHT layihələri yalnız elektron formada qəbul edilməsidir. Bundan başqa Şura ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə məsuliyyət daşıyan qurum kimi əldə etdiyi nailiyyətləri artırmaq, haqq səsimizi dünyada eşidilməsini təmin etmək əzmindədir. İnanırıq ki, uğurlarımız ilbəil artacaq".

İllik hesabat slayd formasında tədbir iştirakçılarına təqdim edildikdən sonar çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin təşəbbüsünə əsasən 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası"na uyğun yaradılan QHT-lərə Dövlət Dəstəyi Şurasının cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu və yüksək dəyərləndirildiyini qeyd edib: "Bu illər ərzində bir çox uğurlara imza atan Şuranın bundan sonrada nailiyyətlər qazanmağa qadir olduğu göz önündədir. Təqdim olunan layihələr bir daha onu göstərir ki, sözün həqiqi mənasında Şura Azərbaycan cəmiyyətində yerini və rolunu təsdiqləyib. Bu ildən etibarən QHT-lərin fəaliyyətinin, xüsusilə qrant layihələrin həyata keçirilməsinin vahid koordinasiyası Cənab Prezidentin müvafiq sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasına həvalə edilib. İnanırıq ki, qrantların vahid prinsiplər üzrə paylanılması, nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Düşünürəm ki, müstəqillik illərində ölkəmizdə güclü vətəndaş cəmiyyəti, o cümlədən QHT-lərdən ibarət üçüncü sektor formalaşmışdır. Bu reallığı heç kim inkar edə bilməz. Bu gün ölkədə üç mindən artıq QHT qeydiyyatdan keçib. Onlar da müxtəlif sahələri özündə cəmləşdirir. Bəzi kənar dairələrin səsləndirdiyi subyektiv fikirlərdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti dünyada ən nümunəvi sektorlardan biridir. Bu günə kimi heç kim deyə bilməz ki, siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə onun müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina edilsin. Hər bir təşkilat müraciəti üzrə dəyərləndirilib. Bu gün bizə QHT taktikası, QHT ağılı öyrətmək istəyən bəzi dövlətlərin, dairələrin yaydığı qrantlara nəzər salsaq görərik ki, yalnız onlarla mütəmadi işləyən təşkilatlar qiymətləndirilib. İllərdir eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar qrantlar alıblar. Bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə diqqət yetirin. Onlar dövlətimizin ərazi bütövlünü, suverenliyimizi pozan, milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən təşkilatlarla bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti "postulatlar" çərçivəsində təhlil etdilər. Hətta onları burada təbliğ edən qüvvələr, siyasi partiyalar, mətbuat orqanları da istədikləri fikirləri səsləndirdi, yazılar tirajladı. Etsinlər bu onların hüququdur. Amma Azərbaycana ağıl dərsi keçməsinlər, demokratiya anlayışının nə demək olduğunu anlatmasınlar. Azərbaycana bu sektorun fəaliyyəti ilə bağlı özlərinin fərdi mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan ölkələri təmsil edən donor təşkilatlarının fəaliyyəti. Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdıraraq, milli maraqlarımıza zərbə vurmağa çalışırlar. Qondarma "DQR"i təmsil edən şəxslər və "QHT"-lərin nümayəndələri ilə bir arada oturmaq, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onların tayı olmaq deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. İctimai qınaq deyəndə onları müdafiə edən qüvvələr iddia edirlər ki, Azərbaycan hakimiyyəti bizdən qisas almağa çalışır. Bu əsla belə deyil. Burada qisasdan deyil, sadəcə ictimai qınaqdan söhbət gedir. İctimai qınaq heç zaman kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir".

Daha sonar Şura rəhbərliyi bəzi QHT sədrlərinin bu sahədə fikirlərini və iradlarını dinlədi, bununla bağlı nəticələr çıxarılacağını qeyd ediblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə