Zahid Oruc: “İndi Con Kerri sübuta yetirsin ki,...”

Zahid Oruc: “İndi Con Kerri sübuta yetirsin ki,...”

"ABŞ Dövlət Katibi Con Kerrinin də adı daxil olan ABŞ senatorlarının o zaman SSRİ rəhbəri Mixail Qorboçova Dağlıq Qarabağı ermənilərə verməklə bağlı müraciəti SSRİ rəhbərliyinin Qərblə harmonik, eyni xətlə, vahid müstəvidə hərəkət etdiyini sübuta yetirir". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Z. Oruc bildirib: "Azərbaycan hələ 1990-cı illərdə Qərbin 20 Yanvara verdiyi qiymətin çox amansız, yanlış, səhv olduğunu görürdü. Eyni zamanda, Qərbdən də bizim azadlıq ideyalarımıza və mübarizəmizə dəstək verilmir, son dərəcə qeyri-hüquqi və müxtəlif maraqlara söykənən mövqe sərgilənirdi. 20 Yanvar hadisələrini Avropa dairələri, eləcə də ABŞ konqresmenləri və senatorları SSRİ-nin daxili işi sayır, onu Azərbaycanda ekstremizmin baş qaldırması formasında dəyərləndirir, dini çalar verərək Mixail Qorbaçovu bu prosesin qarşısını nəyin bahasına olursa-olsun almağa çağırırdılar. Amerikalı senatorların Qarabağın Azərbaycandan alınaraq müstəqil gələcək siyasi və mədəni mənsubiyyətini təyin etmək çağırışı isə açıq şəkildə sübut edir ki, Qorbaçov xarici dairələr tərəfindən himayə olunurdu. Məhz ona görə də Mixail Qorboçov bilirdi ki, Avropa və Qərb ölkələrindən Azərbaycanda həyata keçirdiyi hərəkətlərə görə sərt mövqe görməyəcək. Beləliklə də SSRİ ordularını ölkəmizə yönəltməklə cəzasızlığından bir az da güc alırdı və ziyanımıza doğru addımlar atırdı".

Z. Orucun sözlərin görə, təəssüfləndirici məsələ odur ki, həmin senatorlar sonrakı dövrdə 907-ci düzəlişin ideya vericilərinə və onu hazırlayanlara çevrildilər: "Məsələ ondadır ki, Azərbaycan bölgələrinin bir-birinin ardınca işğalı, məhz buna görə ABŞ və Avropa Birliyi tərəfindən pislənilmədi. Bu azmış kimi Azərbaycanın azadlığına dəstək verməmək, bizə maliyyə yardımı göstərməməklə bərabər, siyasi sanksiyalar altında saxlamaq 90-cı illərin ortalarına qədər davam etdi. Əslində Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə ABŞ-a səfəri müəyyən qədər bu ab havanı ortadan qaldırmaq üçün müəyyən rol oynadı".

Z. Oruc bildirib ki, indi mənzərə bundan ibarətdir ki, həmin müraciətdə bulunanlar Amerikanını siyasi administrasiyasında hakimiyyətə gəliblər və özləri qərar vermə səlahiyyətindədirlər: "Obrazlı desək Qorboçovun edə bilmədiklərini kimlərsə, Con Kerri və digərlərindən gözləyir. Arzulayırıq ki, ABŞ Dövlət Katibi öz tərcümeyi-halı və ABŞ tarixi üçün çox mənfi rol oynayan həmin sənəddən kənar daha obyektiv bir mövqe ortalığa qoysunlar. Bu gün sülh danışıqlarının nəticə verməməsinin ən böyük səbəblərindən biri də vaxtilə ermənipərəst mövqe tutanların müxtəlif dövlətlərdə hakimiyyətdə təmsil olunmalarıdır. Qoy Azərbaycan xalqı bilsin ki, məsələ nə üçün belə dalana dirənib? Nə üçün problem belə çıxılmazlıq həlqəsində qalıb?

Mixail Qorboçov Azərbaycan xalqının bəlalarına bir nömrəli sahibdir. Amma ona ruh verən, siyasi cəhətdən qidalandıran, yol göstərən, Azərbaycanın Ermənistanı blokadaya aldığı üçün Qarabağ erməniləri siyasi və mədəni gələcəyini özü təyin etməlidir kimi hökmü ilə çıxış edən insanlar olub. Bu necə ola bilər? Axı bizim üçün həmin dövrdə Qərb ideal idi. O azadlığın, demokratiyanın, müstəqilliyin qarant verici qüvvəsi kimi çıxış edirdi. Bu sənədin meydana çıxmasını nə qədər təəssüf və ağrı ilə qarşıladıqsa, ondan da ehtiyatlanırıq ki, bir gün yenə də indiki dövrün həyatı ilə bağlı növbəti ağır, qaranlıq və maraqlarımızın ziddinə olan sənədlər meydana çıxacaqdır. Bu ABŞ siyasətinə zərbə vurur. Hesab edirəm ki, Azərbaycan ABŞ-la münasibətlərinin hər zaman normal səviyyədə saxlanması üçün addımlar atıb. İndi Con Kerri sübuta yetirsin ki, o dövr məlumatsızlıqdan, Azərbaycanı az qala Pakistanın qonşuluğunda təsəvvür eləməkdən irəli gələn addım atılıb. Hesab edirəm ki, bu yanlışlıqlar ortalıqdan qaldırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə