"Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz". Bu sözlər müqəddəs "Qurani-Kərim"də buyurulub. Həqiqətən də, Vətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlmək deməkdir. Xalqımızın ən böyük ziyarətgahı olan Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş Vətən övladları da məhz belə bir zirvəni fəth ediblər. Onlar Vətən uğrunda, millət yolunda, bugünkü azadlığımız və müstəqilliyimiz naminə şəhid olublar.
Bu gün Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi sayılan 20 yanvar hadisəsindən 25 il ötür. 20 yanvar hadisəsinin qurbanlarının və şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanında hazırda anım mərasimi keçirilir.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib. Ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib.
Səhər saatları olmasına, faciədən 25 il ötməsinə baxmayaraq xiyabana axın davam edib. Ötən illərdən fərqli olaraq demək olar ki, bu il ziyarətçilərin sayı daha çoxdur. Bu məkanda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə bərabər, Qarabağ savaşında şəhid olmuş oğul və qızlarımız da yatır. Çünki 20 Yanvar xalqımızın öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, sovet imperiyasının silahlı qüvvələrinə iradə nümayiş etdirdiyi hüzn və şərəf dolu bir tarixdir.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Plana əsasən, yanvarın 20-si səhər saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi Hüseyn küçəsində Teleteatrdan başlayaraq yollar bağlanıb. Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti saat 11:00-dan başlayıb və 19:00-dək davam edəcək.
Xatırladaq ki, Şəhidlər xiyabanında 158 nəfər 20 Yanvar şəhidi dəfn olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB