Foruma hazırlıqla bağlı görüşlər intensivləşib

Foruma hazırlıqla bağlı görüşlər intensivləşib

Bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Bolqarıstan, Çexiya Respublikası, Belçika Krallığı və Finlandiyada bir sıra görüşlər keçirərək növbəti Foruma hazırlıqlara dair geniş müzakirələr aparıb.

R.Muradov Bolqarıstanda sabiq Prezident Petar Stoyanov, Çexiya Respublikasında eks-prezident Vaslav Klaus, sabiq Baş nazir Jan Fişer, Belçika Krallığında Beynəlxalq Qadın Parlamentarilər Təşkilatı, Ekspertlər qrupu, Finlandiyada isə sabiq Prezident Tarja Halonen, BMT Baş Katibinin Xüsusi müşaviri Elizabet Rehn, Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistana akkreditə olunmuş səyyar səfiri Christer Michelsson ilə görüşlər keçirib.

Görüşlərdə Qlobal Müştərək Cəmiyyətlər Forumunun getdikcə artan əhəmiyyəti qeyd olunub və bildirilib ki, Forum qlobal liderlərdən ötrü bəşəriyyəti narahat edən problemlərin müzakirəsi üçün önəmli beynəlxalq platformaya çevrilib. Dünyanın tanınmış nüfuzlu liderləri bu dəfə "Yeni dünya düzənində etimadın yaradılması" mövzusunu müzakirə edərək, yaranmış problemlərdən çıxış yollarını axtaracaqlar. Forumda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə