Bu gün "Belçika – Azərbaycan Dostluq Cəmiyyəti"nin təşkilatçılığı ilə Brüssel Azad Universitetində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün mərasim təşkil edilib. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən SİA-ya verilən məlumata görə, mərasim 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial nümayiş etdirilib.
Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat verib. Səfir o qanlı hadisəyə xaricdən ilk etiraz səslərinin məhz bir sıra Avropa paytaxtlarında, o cümlədən Brüssel və Haaqada yaşayan türk və azərbaycanlı icması tərəfindən ucaldığına diqqət çəkib. Səfir elə o illərdən Türkiyə - Azərbaycan qardaşlığının daha da möhkəmləndiyini vurğulayıb. Səfir qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini qeyd edib.
Tədbirdə çıxış edən digər məruzəçilər, Azərbaycanın NATO yanında Missiyasının rəhbəri Xəzər İbrahim, Türkiyə Respublikasının Belçikadakı Səfiri Hakan Olcay, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri Arif Məmmədov, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, azərbaycanlı və türk gənclərinin nümayəndələri 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdikləri fikrini vurğulayaraq, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildiriblər.
Qeyd edək ki, mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, azərbaycanlı tələbələr, Səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB