Mehriban Abasquliyeva: "Heydər Əliyev hadisəyə düzgün qiymət vermiş ilk siyasi xadim idi" MÜNASİBƏT
"1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva 20 yanvar hadisəsinin 25-ci ildönümünə və həmin hadisələrdə Azərbaycan xalqının şücaətinə münasibətini bildirərkən deyib.
"1990-cı ilin 20 Yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan Sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi", - deyə vurğulayan Mehriban Abasquliyeva həmçinin bildirib ki, həmin gün 133 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu: "20 Yanvara aparan yol 1988-ci ilin milli azadlıq hərəkatından başlanır. Keçmiş imperiya rəhbərliyinin razılığı ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Respublika vətəndaşları mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarşısını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi".
YAP Sabunçu rayon təşkilatının sədri həmin vaxtlar Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti barədə də fikir bildirib. O, qeyd edib ki, məhz belə bir məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük bir addım ataraq, xalqının ağır günlərində onun yanında oldu: "Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edən Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət vermiş ilk vətənpərvər siyasi xadim idi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskva nümayəndəliyinin binasında kəskin və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Ulu Öndər bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də butün dünyanın gözü qarşısında ittiham etdi: "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm"".
Mehriban Abasquliyeva qeyd edib ki, Heydər Əliyevin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi oldu: "Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi Onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də öz aktuallığını qoruyub saxlayıb. 20 Yanvar hadisələrinə ilk obyektiv hüquqi-siyasi qiymət isə 1991-ci il noyabr ayında - Onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi onun qarşıya qoyduğu vacib tələb idi. Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ulu öndərin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı".
"Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur", - deyə qeyd edən Mehriban Abasquliyeva eyni zamanda bildirib ki, Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib: "Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Bu addımlar indi də həyata keçirilir və bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir".
Mehriban Abasquliyeva son olaraq vurğulayıb ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet hərb maşınına qarşı duraraq imperiyanın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönələn cəhdlərini tamamilə boşa çıxardı: "Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif ziddiyyətli fikirlərə, rəylərə rast gəlinsə də, bütün mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB