Tbilisi Beynəlxalq Akademiyasında "Borçalı İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "Unutsaq unudularıq" adlı tədbir keçirilib. Birliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Akademiyanın professor və müəllim heyəti, azərbaycanlı və gürcü tələbələr, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Birliyin sədri Məhəbbət İmanov 20 Yanvar faciəsinin baş vermə səbəbləri, nəticələri və xalqımızın şanlı tarixindəki yeri və rolu barədə məlumat verib.
Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Daha sonra Gürcüstan Texniki Universitetinin professoru Quram Quvanitadze, tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya və başqaları çıxış edərək Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən, müstəqillik uğurundakı mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlar arasında paralellər aparıblar.
Bildirilib ki, imperiya qüvvələri bu faciələri törətməklə xalqlarımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq istəyiblər. Lakin bütün cəhdlərə baxmayaq, hər iki xalq öz müstəqilliyinə qovuşdu və bu gün dünya birliyində layiqli yerlərini tutub.
Natiqlər bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB