Vüqar Rəhimzadə: “Türkiyəyə səfər dostluğumuzun, qardaşlığımızın bugünkü səviyyəsinin göstəricilərindəndir” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Türkiyəyə səfər dostluğumuzun, qardaşlığımızın bugünkü səviyyəsinin göstəricilərindəndir” AÇIQLAMA

"Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək məcrada inkişaf edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən deyib.

YAP rəsmisinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin də Türkiyəyə səfəri, orada keçirilən görüşlər, imzalanan sənədlər çox əhəmiyyətlidir və xüsusi dəyərə malikdir: "Bizə dost, qardaş olan Türkiyə ilə imzalanan sənədlər bütün sahələrdə olduğu kimi, bu sahədə də çox böyük önəm kəsb edir. Türkiyəyə edilən səfər çox uğurlu və dəyəli bir səfər idi. "Bir millət iki dövlət" prinsipinə söykənərək Ankarada imzalanan sənədlər, keçirilən görüşlər, aparılan dialoq və danışıqlar əhəmiyyəti ilə yadda qaldı. Dövlət başçısının Türkiyəyə səfəri dostluğumuzun, qardaşlığımızın bugünkü səviyyəsinin göstəricilərindəndir".

V. Rəhimzadə bildirib ki, iki dost, qardaş ölkəni ortaq tarix, mədəniyyət, etnik köklər birləşdirir: "Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə qardaş Türkiyədir. Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün daim əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar hesab olunur. Hər iki dövləti təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə Bakıda və Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq və qardaşlığın əbədi, sarsılmaz simvolu kimi yüksək dəyərləndirilir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına səfər etmişdi. Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə