Elman Məmmədov: "Güzəştlərin edilməsinə ehtiyac var" SORĞU-FOTOLAR
"Cəbhəyani ərazilərdə yaşayan əhalinin kommunal ödənişlərdən azad olunması və yaxud da güzəştlərin edilməsi mümkündür". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov söyləyib.
Bildirib ki, sözügedən məsələnin həlli mümkündür və hər zaman da cənab prezidentin diqqətindədir: "Cəbhəyani ərazidə əhalinin daha yaxşı yaşaması, oradan köçməməsi, həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək üçün cəbhəyani ərazilərdə yaşayanlara müəyyən güzəştlər edilməlidir. Həmçinin gənc mütəxəssislərin cəbhəyani ərazilərə göndərilməsi üçün onların orada işlə təmin edilməsi də vacibdir. Düşünürəm ki, güzəştlərin olunmasına ehtiyac var. Hesab edirəm ki, yaxın vaxtlarda belə məsələlərə baxılacaq".

Regional Məsələlər komitəsinin üzvü Tahir Rzayev: "Əgər cəbhəyani ərazidə yaşayan insanların maddi baxımdan imkanı yoxdursa onların müəyyən xərclərdən azad edilməsinin tərəfdarıyam. Ancaq razılaşaq ki, orada yaşayanların hər biri pis vəziyyətdə qalmırlar. Onların arasında sahibkarlar, yüksək əmək haqqı alan, təsərrüfatla məşğul olan şəxslər də var. Elə adamlar var ki, onların kifayət qədər mal-heyvanı var. Deyə bilmərik ki, cəbhəyani ərazidə yaşayırlarsa deməli kasıbdırlar. Onların kommunal xərclərdən uzaq olması dövlətə külli miqdarda ziyan vura bilər. Əgər həqiqətən də imkanı yoxdursa belə adamlar seçilib azad olunsunlar. Onu da deyim ki, bəzi kəndlərimiz ermənilər tərəfindən yandırılıb və torpaqlarımız minalanıb. Ona görə də bu torpaqlardan istifadə edilə bilmir. Əlbəttə ki, bunlara kompensasiyalar verilməsinin tərəfdarıyam. Çünki həmin ərazi düşmənin gülləsi altındadır və onlar gedib əkin-biçinlə məşğul ola bilmirlər. Bildiyiniz kimi cənab prezidentimiz cəbhəyani ərazilərdə yaşayan əhali üçün çox böyük imkanlar yaradıb. Hətta Ağcabədi rayonunun ən ucqar kəndində belə əhali mavi qazla tam təmin olunub. Ermənilərlə sərhəd zonasında 17 kəndi birləşdirən 41 kilometrlik asfalt yol çəkilib. İmkansız insanlara müəyyən imtiyazlar verilib və onlar dövlət tərəfindən əlavə müavinətlər alırlar".

Millət vəkili Musa Quliyev də sözügedən məsələyə münasibət bildirib: "Cəbhəyani ərazilərdə yaşayan əhalinin kommunal ödənişlərdən azad edilməsi məsələsi gündəmdə dəfələrlə qaldırılıb. Kommunal güzəştlər və müəyyən yardımlar göstərilməlidir. Düşünürəm ki, hazırda da müəyyən qədər yardımlar olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB