“Rus əsgərinin erməniləri qətlə yetirməsi ciddi problemlərə yol açacaq” AÇIQLAMA

“Rus əsgərinin erməniləri qətlə yetirməsi ciddi problemlərə yol açacaq” AÇIQLAMA

Ötən gün Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirib. Artıq şübhəli şəxs Türkiyə ilə sərhəddə yaxalanıb. Maraqlı məqam burasındadır ki, bu hadisədən sonra Ermənistanın Rusiya ilə münasibətləri necə olacaq? SİA bu sualla ölkənin bəzi siyasi analitiklərinə müraciət edərək, onların fikirlərini öyrənib.

Politoloq Qabil Hüseynlinin fikrincə rus əsgərinin erməniləri qətlə yetirməsi ciddi problemlərə yol açacaq: "Gümrü hadisələri göstərir ki, xarici, həm də təcavüzkarlığa meylli bir ölkənin hərbi bazasının ölkə ərazisində saxlamaq nə qədər təhlükəlidir. Çünki, bu hadisə Ermənistanda baş verən yeganə hadisə deyil. Buna qədər də rus hərbiçiləri ermənilərə sataşıb, hətta bıçaqlaşma halları belə baş verib. Bir sözlə rus ordusu özünə məxsus xarakterini göstərə bilib. Amma indiki hadisə sərhədləri aşıb keçir. Bir ailənin bütün üzvlərini qırmaq barbarlığa dəlalət edir və onu göstərir ki, rus ordusunun erməni xalqına nifrəti nə qədər böyükdür. Eyni zamanda bu hadisə Ermənistanla Rusiya arasında ciddi bir diplomatik qarşıdurmanın bünövrəsini qoydu. Hesab edirəm ki, bu xəmir hələ çox su aparacaq və Ermənistan-Rusiya münasibətlərindəki gərginlik davam edəcək".

Millət vəkili, politoloq Asim Mollazadə isə hesab edir ki, bu cinayət hadisəsi Rusiya-Ermənistan münasibətlərinə hər hansı bir təsir göstərməyəcək: "Ermənistan müstəqil bir dövlət deyil ki, Rusiya ilə münasibətlərinə hər hansı bir formada pozsun. Ermənistan Rusiyanın hərbi forpostudur. Ona görə də belə hadisələr Ermənistan-Rusiya münasibətlərinə təsir göstərməyəcək".

Politoloq Sülhəddin Əkbər də hesab edir ki, bu qətl hadisəsi Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcək: "Ermənistan Rusiya münasibətləri o qədər dərin strateji xarakter daşıyır ki, bu cür halların həmin münasibətlərə xüsusi bir təsiri olacağını düşünmürəm. Sadəcə olaraq bu qətl erməni cəmiyyətində ciddi rezonas doğuran bir hadisədir. Erməni cəmiyyəti artıq ciddi şəkildə düşünməlidir ki, Rusiya ilə olan dərin münasibətlər Ermənistanın faktiki olaraq müstəqilliyini, suverenliyini itirməsi və rusların bu ölkədə özlərini necə aparması ilə nəticələnir. Erməni cəmiyyətinin bundan dərs çıxarmasına ehtiyac var. Hesab edirəm ki, erməni müxalifəti də bu işdə erməni cəmiyyətinə kömək edəcək ki, bundan yaxşı bir dərs alsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə