Prezident Sumqayıtda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. SİA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı ərazidə geniş abadlıq işləri aparılıb, "20 Yanvar" və "Xocalı" abidələri ucaldılıb.

Dövlət başçısı həmçinin Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb. Azərbaycan prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik edib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib. Dövlətn başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Sonra İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb.

Daha sonra dövlətimizin başçısı beton məmulatı zavodunun açılışında iştirak edib. Prezident zavodu işə salıb. Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə