Mərkəz sədri Rusiyanın SSRİ-ni bərpa etmə planlarından danışdı

Hatəm Cabbarlı: “Avrasiya İqtisadi Birliyinin rəsmən fəaliyyətə başlaması, Gömrük Birliyinin qurulması imperiya təfəkkürünün siyasi və iqtisadi təməllər üzərində yenidən canlandırılmasıdır”
Mərkəz sədri Rusiyanın SSRİ-ni bərpa etmə planlarından danışdı

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçdiyimiz günlərdə Rusiyanın SSRİ-ni bərpa etmək niyyətində olmadığını ifadə edib. Əlbəttə, SSRİ-nin süqutundan 20 ildən çox vaxt keçir və belə bir ittifaqın yaradılması bugünki şərtlərində imkansız görünür". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, amma bu o demək deyil ki, Rusiya imperiya xülyasından əl çəkib və hər hansı başqa bir təşkilat və yaxud ittifaq mexanizmində keçmiş hegemoniyasını yenidən bərpa etmək istəmir: "Rusiyanın dövlətçilik tarixində üç elita olub. Bunlar siyasi, hərbi (generalitet) və iqtisadi (oliqarxlar) elit təbəqədir. Bunlardan siyasi və hərbi elit təbəqə SSRİ-nin süqutundan ciddi narahatlıq yaşayıblar və hər hansı bir şəkildə olursa olsun, SSRİ geoməkanında hegemoniyasını bərpa etməyi düşünürlər. İqtisadi elit təbəqə isə sərbəst bazar iqtisadiyyatının onların mənafelərini daha çox qoruduğunu və yeni imkanlar yaratdığını düşündükləri üçün digər iki təbəqədən bir az fərqli düşünürlər. Yəni onlara görə, qonşu dövlətlərlə geniş iqtisadi əməkdaşlıq, zorakı siyasi və iqtisadi əməkdaşlıqdan daha ciddi nəticələr verə bilər. Bu, Rusiyadan keçmiş sovet respublikalarına və əksinə o dövlətlərdən Rusiyaya sərmayə qoyulması imkanlarının genişləndirilməsidir".

"Siyasi və hərbi elita isə regionda və dünyada cərəyan edən hadisələrə daha şübhəli yanaşır və ənənəvi imperiya təfəkkürünün iqtisadi elitanın düşüncəsi ilə canlandırılmasının imkansız olduğunu düşünürlər. Amma Boris Yeltsindən sonra iqtidara gələn hakimiyyətlərin hamısı birbaşa olmasa da, dolayı yollardan imperiyanın canlandırılması siyasətinin həyata keçirir və rus ictimai rəyinə bunun vacib olduğunu aşılamağa çalışırlar. Rusiya bu siyasətini həyata keçirmək üçün əvvəlcə Müstəqil Dövlətlər Birliyi layihəsini ortaya atdı. Amma bu layihə özünü doğrultmadı. Bu zaman xüsusilə son bir neçə ildir Avrasiya İqtisadi Birliyi və Gömrük Birliyi layihəsini həyata keçirir. Bu iki layihə MDB layihəsindən daha çox diqqəti cəlb edir. Cari ilin yanvar ayından Avrasiya İqtisadi Birliyinin rəsmən fəaliyyətə başlaması, Gömrük Birliyinin qurulması imperiya təfəkkürünün siyasi və iqtisadi təməllər üzərində yenidən canlandırılmasıdır. Rusiyanın xüsusilə son illərdə post-sovet respublikalarına yönəlik siyasətində dəyişikliklərin yaşanması bu barədə düşünməyə sövq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə