Səbail rayonu ikinci hesabat yığıncağını keçirib FOTOLAR

Səbail rayonu ikinci hesabat yığıncağını keçirib FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2012-ci ilin sonunda yaradılan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ikinci hesabat yığıncağını keçirilib. SİA-nın xəbərinə görə, Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən toplantıda 2014-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, nümayəndəlik yarandığı ilk gündən Səbail rayon İcra Hakimiyyəti tərəfindən "Şəhidlər Xiyabanı" Kompleksinin ərazisində inşa edilib və hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuş inzibati binada fəaliyyət göstərir.

Qeyd olunub ki, 2014-cü ildə nümayəndəliyin ərazisində Prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Parkda müasir attraksion-panoramın, Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış keçirilib, ölkə başçısı İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimat mərasimində, martda Qız qalasının qarşısında keçirilən Novruz şənliklərində, mayın 9-da faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Dağüstü parkda keçirilən mərasimdə iştirak etmiş, mayın 27-də Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, dekabr ayının 23-də isə ailə üzvləri ilə birlikdə Bələdiyyə seçkiləri ilə əlaqədar 6 saylı orta məktəbdə yerləşən 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

2014-cü ildə 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Bu gün ərazidə "Alov qüllələri" kompleksinin, "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni "İnterkontinental" və "İnturist" mehmanxanalarının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.

Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarda bura xüsusi gözəllik verən müxtəlif gül kollarından ibarət gözəl kompozisiyalar yaradılıb, Fikrət Əmirov, Üz.Hacıbəyov küsələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılıb, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların üzlənməsi davam edir.

2014-cü ildə rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, əsas magistral küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri həyata keçirilib.

İl ərzində nümayəndəlik tərəfindən ərazidə olan ev təsərrüfatlarında dəqiqləşdirmələr aparılmış və hazırda məlumatların yenilənməsi işləri davam etdirilir.

Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılmış, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə