Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs" qəzetinin yaranmasından 24 il ötür. "Səs" qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır. Bəs gəlin görək "Səs" qəzeti Azərbaycan mətbuatında necə qəbul olunur və hansı xüsusiyyətlərinə görə seçilir. Media kapitanları bu barədə öz fikirlərini belə bildirdi:
.jpg)
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu: "Səs" qəzetinin yaranması hələ də mənim gözlərim önündədir. Mən o illəri çox yaxşı xatırlayıram. Həmin vaxt ölkədə belə bir qəzetin yaranmasına ehtiyac var idi. Şükürlər olsun ki, o zaman cəmiyyətin ehtiyacı ilə fəaliyyətə başlayan "Səs" qəzetinin səsi bu gün də eşidilməkdədir. Hesab edirəm ki, "Səs" cəmiyyətdə öz dəsti-xətti, nüfuzu və yeri olan bir qəzetdir. Mən başda SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev olmaqla qəzetin 24 illik yubileyi münasibətilə bütün kollektivi ürəkdən təbrik edirəm. Ən başlıcası odur ki, "Səs" tərcümeyi-halı, ana xətti olan bir qəzetdir. Bu tərcümeyi-halda isə hər bir iş əvvəldən sonadək insanın gözü önündən gəlib keçir. Sevindirici haldır ki, qəzetin yaranmasında heç bir əziyyət boşa getmədi. Bu gün SƏS Media Qrupun çox gözəl bir kollektivi var. İnanıram ki, bundan sonra da "Səs" qəzetinin daha böyük auditoriyası olacaq".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Səs" qəzeti Azərbaycanda yaranan ilk müstəqil mətbuat orqanlarından biridir. Bu mətbuat orqanının Azərbaycanda fikir və söz azadlığına, xüsusilə də ölkəmizin milli və dövlət maraqlarının qorunmasına çox böyük müstəsna xidmətləri var. Qəzet fəaliyyətə başladığı ilk günlərdən bu günə kimi hər zaman birmənalı bir informasiya siyasəti yürüdüb. Təbii ki, bu informasiya siyasətinin də təməlində milli maraqlarımızın, ərazi bütövlüyümüzün qorunması, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilmiş dairələrin, qüvvələrin ifşa olunması dayanıb. Bu, çox mühüm amillərdən biridir. Azərbaycan yeni müstəqillik qazanmış bir dövlətdir. Bu gün ölkəmiz müharibə vəziyyətdində olan, 20 faiz torpaqları işğal edilən və bir milyondan artıq qaçqın və məcburi köçkün olan dövlətdir. Belə oduğu məqamlarda şübhəsiz ki, ölkədə gedən proseslərə həssas yanaşma tərzi ortaya qoyulmalıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarında ilk növbədə maarifləndirici missiya yerinə yetirilməlidir. "Səs" qəzeti fəaliyyətə başladığı ilk günlərdən bu missiyanı çox böyük məharətlə yerinə yetirib. Uzun illərdir ki, mən həm media nümayəndəsi, baş redaktor kimi, həm də siyasi ekspert kimi "Səs" qəzeti və daha sonra yaranan onun digər qurumları ilə (SİA, SƏS TV və s.) yaxından əməkdaşlıq edirəm. Müddət ərzində də qəzetin fəaliyyətində peşəkarlığın daim peşəkar bir münasibətin olduğunun şahidi olmuşam. Eyni zamanda SƏS Media Qrupun çox səmimi bir kollektivi var. Mən bütün kollektivi qəzetin 24 illik yubileyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, "Səs" qəzeti Azərbaycan mediası tarixində bundan sonra da uğurlarını davam etdirəcək".
.jpg)
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Səs" qəzeti Azərbaycan mediasında çox böyük tarixi olan bir qəzetdir. Həm də bir çox başqa qəzetlərdən fərqli olaraq onun bir neçə özünəməxsus xüsusiyyəti var. Birincisi, "Səs" qəzeti müstəqil Azərbaycan dövlətinin müstəqilliyi ilə həmyaşıd olması nöqteyi-nəzərindən seçilir. Yəni, azsaylı qəzetlər var ki, onlar Azərbaycanın müstəqilliyi ilə həmyaşıd sayıla bilirlər. "Səs" qəzeti fəaliyyət göstərdiyi illərdə ölkədə təkcə mətbuat orqanı kimi deyil, eləcə də çox məhsuladar və güclü təsirə malik olan siyasi tribuna kimi fəaliyyət göstərir. Sözün düzü, "Səs" qəzeti ölkənin tarixində böyük dönüşə gətirib çıxarmış siyasi proseslərin ideoloji təminatını və təbliğatını qoyub. Hətta bu qəzeti ölkədə siyasi proseslərin dəyişməsi kontekstində siyasi partiya rolunu oynamış qəzet də saymaq olar. Təbii ki, hələ Azərbaycan mətbuatının inkişafı istiqamətində qarşıda böyük mərhələ var. Bu mərhələnin özünün qarşısında isə müəyyən vəzifələr və problemlər dayanır. Sözsüz ki, bunların da həll olunmasında "Səs" qəzetinin özünün səthi, sözü, mövqeyi olmalıdır və olacaq da!".
Qeyd edək ki, "Səs" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB