"Yeni yaradılan siyasi partiya və təşkilatlara uğurlar diləyirik. Lakin konkret olaraq verilən bu kimi suallara zamanında münasibət bildirmişik, indi də həmin sözləri təkrarlamaq istərdim". Bu fikirləri SİA-ya, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu narazı müsavatçı, partiya başqanlığına namizəd olmuş Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) KXCP üzvlərinin də qoşulmasına münasibət bildirərkən deyib.
Xəzər Teyyublu bildirib ki, bu gün özlərini KXCP üzvü adlandıranların bu partiyaya heç bir aidiyyatı yoxdur: "Artıq bəllidir ki, hərəkat deyilən bir qurumun təsis təşkilat komitəsi yaradılıb və təşkilatın tədbirlərindən biri də KXCP-nin Salyan rayon təşkilatında keçirilib. Lakin onu da vurğulamaq istərdim ki, bu gün özlərini KXCP-nin siyasi həyatında hiss edən bir sıra şəxsin ADR-də təmsil olunmaları qeyri-mümkündür. Çünki ADR-ə qoşulanlar vaxtilə KXCP daxilində Fraksiya yaradaraq, bu partiyanın işinə xələl gətirməyə çalışan tərəflərdirlər. Yəni hal-hazırda KXCP-də Fraksiya yaradan bir qrup şəxs əslində, KXCP-nin işində iştirak etmir".
Partiya rəsmisi deyib ki, əgər kimlərsə hansısa hərəkatda təmsil olunmağı nəzərdə tuturlarsa, buyursunlar. Gələcəkdə narazı elektrotatı, demokratik düşüncəli insanları bir yerə toplayan hərəkat yaradılacaqsa, ola bilsin ki, mövcud siyasi partiyanın üzvləri orada qismən iştirak etsin. Yəni yeni fikir, ideya ortaya qoyan hərəkat yaradırsansa, bu, başadüşüləndir. Amma mövcud siyasi partiyaların narazı insanlarını yığıb hansısa hərəkat yaradırsansa hər şey dəyişməz qalacaq. Oturuşmuş insanları bir araya gətirməyin heç bir adı yoxdur. Bu haqqda narazılığımı bildirmişəm. Əgər nə isə yaradırlarsa KXCP-dən, onun üzvlərindən yan keçsinlər. Müsavata, KXCP-yə və digərlərinə əl uzadıb, kimlərisə öz hərəkatlarına cəlb etmək, sıralarını genişləndirmək şüursuz addımdır. Bunun adekvat cavabı özlərinə qayıdacaq. Bir daha bəyan edirəm ki, oraya qoşulanlar KXCP üzvləri deyillər".
Qeyd edək ki, bir müddət öncə, sosial şəbəkədə və mətbuatda Qubad İbadoğlunun təsis etdiyi hərəkata müsavatçıların və KXCP üzvlərinin də qoşulduğu bildirilmişdi.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB