Hikmət Babaoğlu: “Devid Kremerin bəyanatında şantaj əlamətləri var” ŞƏRH (Səs TV)

Hikmət Babaoğlu: “Devid Kremerin bəyanatında şantaj əlamətləri var” ŞƏRH (Səs TV)

"Dünyada baş verən qlobal hadisələrlə bağlı və yaxud hər hansı milli dövlətin daxili auditoryasında baş verən proseslərlə bağlı məsələləri ABŞ-ın ayrı-ayrı dairələri, vətəndaş cəmiyyəti instutları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla bir növ bunlara istiqamət verməyə çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu qeyd edib ki, hadisələrə bu cür yanaşmaq beynəlxalq jandarma rolunu oynamaq kimi görülməkdədir: "Hər bir ölkənin milli hakimiyyəti milli maraqlar, milli iradə əsasında formalaşır. Eyni zamanda, beynəlxalq münasibətlərin əsas aktoru olan milli dövlətlər hər bir xalqın siyasi təşkilatlanmış formasıdır. Yeni beynəlxalq münasibətlər mərhələsində keyfiyyətcə yeni bir eranın başlandığı haqqında müzakirələr getməkdədir. Bu da post-bipolyar (ikiqütblü-red.) kimi səciyələndirilməkdədir. Çox təəssüf ki, ABŞ-ın bəzi ictimai instutları özlərini məhz post-bipolyar beynəlxalq sistemin idarəedicisi, yönləndiricisi kimi görməyə başlayıblar. Heç bir səlahiyyəti olmayan, heç bir rəsmi dövlət strukturunda təmsil olunmayan sadəcə ictimai institut kimi fəaliyyət göstərən Makkeyn institutunun baş direktorunun bir dövlət haqqında bu cür absurd fikirlər söyləməsi ondan xəbər verir ki, ya bu adam xəstədir, ya da sifarişlər əsasında danışır".

"Bu cür təşkilatlar sözün əsl mənasında dünyada ümumbəşər dəyər kimi mənimsənilmiş, qəbul edilmiş demokratiyanı təbliğ edirlərsə, bunları insan haqları, mətbuat və söz azadlığı narahat edirsə, o zaman proseslərə lazımi qiyməti verməyə çalışsınlar"-deyən Hikmət Babaoğlu onu da bildirib ki, əgər dünyada baş verən prosesləri izləyib ona vahid qiymətləndirmə kriteryasında obyektiv yanaşmayacaqsa kiminsə hansı ölkənin vətəndaşı olması, kimliyi, hansı instituta rəhbərlik etməsinin heç bir əhəmiyyəti qalmayacaq: "Əgər bu institut, rəhbərliyi özünü ciddi qəbul etdirməyə çalışırsa, obyektiv olmağa borcludur. Əks halda onlar beynəlxalq təzyiq rıçaqları kimi qəbul olunacaqlar. İndiki halda Devid Kremerin bəyanatında müəyyən mənada şantaj əlamətdəri də var. Çünki bu insanları narahat edən "Azadlıq" radiosudur. 1949-cu ildə yaradılan bu radionun əsas missiyası Sovet İttifaqı və onun ətrafında olan ölkələrin təkyönümlü təbliğatının qarşısını almaq üçün alternativ informasiya strukturu kimi formalaşmaq olub. 1969-cu ildə ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi tərəfindən maliyyələşdirildiyi ifşa olunduqdan sonra isə ABŞ-ın Konqresi bu qurumu maliyyələşdirməyi öhdəsinə götürüb".

Politoloq sonda vurğulayıb ki, bu məsələlər özü özlüyündə bir qarışıqlıq yaradır: "Əgər doğru informasiyadan, söz və mətbuat azadlığından söhbət gedirsə, bu belə olmalı deyil. Kremerin verdiyi bəyanatlar isterikadan irəli gələn çırpınmalardır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə