Politoloqdan ABŞ-lı həmsədrə məsləhət düyməni ermənilərə vermə

Politoloqdan ABŞ-lı həmsədrə məsləhət düyməni ermənilərə vermə

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açarı ermənilərin əlindədir. Ermənilərə lazım olanda düyməni basırlar və Ceyms Uorlik onda bir-iki kəlimə danışır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, sanki ABŞ-lı diplomatların ermənilər xüsusi münasibətləri var və ermənilər itkilərə məruz qalanda o dəqiqə aktivləşirlər: "Bu gün onlar əndazəni aşan bəyanatlar verirlər. ABŞ Dövlət Departamenti erməni tərəfinin itkiləri ilə bağlı xüsusi narahatlığını bildirir. Amma dəfələrlə qoşunların təmas xəttində azərbaycanlılar öldürüldüyünü nəzərə almır".

M.Əhmədoğlu qeyd edib ki, 2014-cü il ərzində Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan açıq mətnlə Azərbaycanı hədələyiblər: "Bu hədələr zamanı çox kəskin ifadələr işlədiblər. Məsələn Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyir ki, Azərbaycan hərbiçilərini məhv etmişik, məhv edirik, məhv edəcəyik. Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan da müdafiə nazirinin fikirlərinə yaxın bir tonda çıxışlar etdilər. Ancaq ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bunların birini belə görməyib".

Politoloq bildirib ki, Ceyms Uorlik həmsədr təyin olunandan ermənilər atəşkəs rejiminin pozulmasında xüsusi aktivlik nümayiş etdirirlər: "Sanki ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ermənilərin ilhamvericisidir. Ceyms Uorlikə məsləhətim budur ki, özünün həmsədrlik fəaliyyətini araşdırsın. O zaman görəcək ki, həmsədr olduğu dövrdə ermənilərin aqressivliyi xeyli artıb. Hesab edirəm ki, bunlardan nəticə çıxartsa, daha yaxşı olar. Eyni zamanda çalışsın ki, düyməsi öz əlində olsun, ermənilərə verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə