Elşən Musayev: “Əli Kərimli Devid Krameri müşavir təyin edəcək” MÜNASİBƏT

Elşən Musayev: “Əli Kərimli Devid Krameri müşavir təyin edəcək” MÜNASİBƏT

"Bu insanın Azərbaycanla bağlı mövqeyi hər zaman müstəqil təhlilçi, politoloq kimi deyil, sanki "Azadlıq" qəzetinin bölgə muxbiri kimi görünür". Bu fikirləri SİA-ya politoloq Elşən Musayev Vaşinqtonun Makkeyn institunun direktoru və "Freedom House" təşkilatının prezidenti Devid Kramerin Azərbaycan hakimiyyətinə qarşı qeyri-obyektiv və qərəzli fikirlər səsləndirməsinə münasibətini bildirərkən deyib. Politoloq deyib ki, Kramerin müstəqil Azərbaycan dövlətini və hakimiyyətini "quldur" adlandırması əslində, onun nə qədər demokratiyadan kənar bir fərd olduğunun, göstərişlərə əsasən fəaliyyəti göstərməsinin göstəricisidir: "Onun açıqlamasında Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar səslənişi, hakimiyyəti həlqəyəalma səslənişinin özü də göstərir ki, bu da ABŞ-a və Avropa dövlətlərinə bir çağırışdır. "Azadlıq" qəzetində onun vəzifəsi Makkeyin instutunun baş direktoru kimi göstərilib. Çox maraqlı məqam ondan ibarətdir ki, bu adam "Freedom House" təşkilatının icraçı direktoru olub. Görün bu təşkilat nə qədər nüfuzdan düşübsə, bunlar başqa cür özlərini təqdim edirlər. Artıq geydirmə təşkilatın fonunda qalmaqdan belə imtina edirlər. Müxtəlif simalarla özlərini göstərməklə Azərbaycana qarşı ittihamlar irəli sürmək bunların qanındadır".

Politoloq qeyd edib ki, bütün hallarda nə ABŞ-ı, nə də onların yürütdüyü siyasəti ədalətli siyasət hesab etmir: "Onların yetişdirdiyi kadr Kramerdən artıq deyil və ola da bilməz. Hər zaman dövlətlərə qarşı ikili standartalardan, ikibaşlı oyunlardan çıxış edənlər hansı ədalətdən danışa bilərlər. Bu gün İŞID-dən tutmuş digər terror qruplaşmalara qədər hamısının kimin layihələri olduğu bütün dünyaya bəllidir. Kramer kimin dilindən danışdığını deyə bilmərəm. Bu insan işsiz-gücsüz gündə bir fikir söyləyən biridir. Hər kimdirsə, təlimatı kimdən alıbsa, bütün hallarda dövlətimizə qarşı Azərbaycanın radikal müxalifəti kimi danışıb. Bizim üzərimizə düşən ən başlıca vəzifə bu kimi insanların yerində oturdulması, öz dillərində cavab verilməsidir".

Elşən Musayev son olaraq bildirib ki, Devid Kramerin bu kimi davranışları onun AXCP üzvlüyünə seçilməsini reallaşdıra bilər: "Mən onun perspektivini AXCP-də görürəm. Yaxşı olar ki, AXCP-yə üzvlüyünü versin, Əli Kərimli ilə birgə işləsin. Yəqin, Əli Kərimli ona bir iş tapar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə