Vüqar Bayramov: “Ermənistana qarşı sanksiyalar tətbiq ediləcək” AÇIQLAMA

Vüqar Bayramov: “Ermənistana qarşı sanksiyalar tətbiq ediləcək” AÇIQLAMA

"Ermənistan hökümətinə sanksiyalar tətbiq edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarını zəbt edən işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi və qonşu rayonlar Ermənistan tərəfindən işğal olunub və bu gün də işğalda saxlanılır. Bu gün Rusiyanın Kırımı işğal etməsinə və özünə birləşdirməsinə cavab olaraq Rusiyaya sanksiyalar tətbiq olunursa, nə üçün Azərbaycanın 20 faizə yaxın ərazisini işğal etmiş ölkəyə sanksiyalar tətbiq olunmur. Praktiki olaraq Ermənistana da daha ağır sanksiyalar tətbiq olunmalıdır. Çünki Ermənistan müharibə edərək torpaqları işğal edib. Xeyli sayda şəhidlər vermişik. Erməni ordusu tərəfindən mülki əhali, uşaqlar, yaşlı insanlar qırılıb. Faktiki olaraq torpaqlarımız işğal olunub. Bunun müqabilində isə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi mövcud beynəlxalq konvensiyada və eləcə də beynəlxalq qaydalara uyğundur. Həm də Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsi əslində xeyli müddət öncə baş verməliydi".

Ekspert Ermənistana qarşı bu günə qədər tətbiq olunmayan sanksiyaların səbəbini açıqlayıb. O, bunu Qərbin ikili standartları ilə əlaqələndirir: "Çox təəssüf ki bu gün həm beynəlxalq təşkilatlarda, həm də xarici konfranslarda iştirakımız zamanı müşahidə etdiyimiz məqamlardan biri ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbin ikili yanaşması var. Bu gün biz dəfələrlə beynəlxalq tədbirlərdə bu məsələni qaldırırıq. Günümüzdə Qərb ölkələri Gürcistan, Ukrayna və hətta Moldova ilə bağlı danışarkən ərazi bütövlüyünü qeyd edirlər. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən xalqların öz müqəddəratını təmin etmə məsələsini ərazi bütövlüyü məsələsinə "yapışdırırlar". Amma bu əslində belə deyil, bu ikili yanaşmadır. Çox təəssüf ki ikili yanaşma olduğundan beynəlxalq konvensiyaları, hətta BMT-nin qətnamələrini belə icra etmək mümkün deyil".

Vüqar Bayramov ikili standartlar ortadan qaldırılarsa Ermənistana qarşı ciddi sanksiyaların tətbiq ediləcəyini vurğulayır: "Amma reallıqda əgər ikili yanaşma olmazsa Rusiya misalı göstərir ki, Ermənistana qarşı da sanksiyaların tətbiq edilməsi vacibdir. Bu realdır, bunun üçün hüquqi baza var. Beynəlxalq konvensiyalar Ermənistana qarşı sanksiyalar tətbiq edər və Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən, o cümlədən Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan çəkilməsini tələb edə bilər. Amma təəssüf ki hələlik bunu müşahidə etmirik. Ümid edirik ki, beynəlxalq arenada ikili oyunlara son qoyulacaq. Ermənistana qarşı sanksiyalar tətbiq ediləcək. Ermənistandan da işğal olunmuş ərazilərdən çəkilməsi tələb ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə