Elman Nəsirov: “AzadlıqRadiosu rəhbərinin çıxışında təhqir elementləri var"

Elman Nəsirov: “AzadlıqRadiosu rəhbərinin çıxışında təhqir elementləri var"

"AzadlıqRadiosunun rəhbərliyinin bu radionun redaksiyasında həyata keçirilən axtarışla bağlı verdiyi açıqlamaya ABŞ və digər Qərb ölkələrində yalnız "no comment" yazmaqla kifayətlənərdilər. Çünki, açıqlamanın mətninin dilində bir qisasçılıq ruhu hiss olunur". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

E.Nəsirov hesab edir ki, mətni tərtib edən tərəflərin özü AzadlıqRadiosunun birbaşa rəhbərliyinin təzyiqi altında tərtib ediblər: "Mətnin məzmunundan da göründüyü kimi onlar birbaşa ölkə rəhbərliyini hədəfə alıblar. Bu açıqlamanın dilində təhqir elementləri var. Ona görə də bu açıqlamaya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Hesab edirəm ki, belə təhdid, təzyiq dili ilə Azərbaycanla danışmaq heç bir halda qəbul edilə bilməz. Mətndə cümlələrin belə şəkildə tərtibi və ölkə rəhbərliyindən tutmuş, bütün azad mətbuatın birbaşa hədəf seçilməsi AzadlıqRadiosunun özünün qərəzli fəaliyyətinin göstəricisidir. Çünki, bu və ya digər məsələlər münasibət bildirərkən etik normalar çərçivəsind davranılmalıdır".

"Əllərində dəlil, sübut olmadan birbaşa təzyiq dilində danışılması mənfi tendensiyadır. Xüsusilə son dövrlrdə Qərb dövlətlərinin davranışında güc elementləri daha qabarıq şəkildə özünü göstərir. Bu yuxarılardan tutmuş aşağılara qədər müxtəlif strukturları əhatə edir. Təəssüf ki, bir çox hallarda AzadlıqRadiosunu maliyyələşdirən dövlət qurumlarının da danışıq dilində əzələ nümayişi özünü göstərir. Ona görə də onların tabeliyində olan media qurumlarında da eyni tendensiya müşahidə olunur. AzadlıqRadiosunun rəhbərliyi bu və ya digər ölkəyə münasibətdə belə ifadələr işlədirsə, bu halda ilk növbədə uduzan söz və mətbuat azadlığıdır. Onların öz ölkələrində də bu və ya digər ölkəyə münasibətdə belə təzyiq dili ilə danışırlarsa, deməli onların öz ölklərində azad mətbuat yoxdur", - E.Nəsirov bildirib.

Politoloq deyib ki, reallığı, həqiqəti əks etdirməyən, qərəzli mövqelərlə Azərbaycana təzyiq göstərmək və bununla da nəyəsə nail olmaq qeyri-mümkündür: "Azərbaycan dövləti ilə sivil danışıq yolu seçilməli, problem varsa onu müzakirə edərək vəziyyətdən çıxış yolları axtarılmalıdır. Azərbaycan öz ərazisində fəaliyyət göstərən radiostansiyanın fəaliyyəti ilə bağlı məsələyə baxmaq, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına, milli təhlükəsizliyinə təhdidlər yaradırsa, o məsələlrə baxmaq və müəyyən ölçülər götürmək hüququna malikdir. Həmin radio ölkədə fəaliyyətə başlayarkən də bu razılaşmalar olub. Hər bir tərəf bir-birinə hörmət əsasında davranmalıdır. Ancaq AzadlıqRadiosu özünü elə aparır ki, bu vəziyyətdə istənilən dövlət radiostansiyanın Azərbaycanda pozuculuq və ictimai fikri çaşdırmaqla bağlı fəaliyyətinə yenidən baxardı. Hələ Azərbaycan çox tolerant ölkə olduğundan bu məsələlərdə çox böyük səbr nümayiş etdirir. Müəyyən neqativ hallar varsa, zaman keçdikdən sonra onları qaldırır və həllinə nail olmağa çalışır. Bu da onların cavab reaksiyası, özünü söz və mətbuat azadlığının carçısı hesab edən AzadlıqRadiosunun reaksiyası".

Bütün xəbərlər Facebook səhifəmizdə