Gənclər təşkilatlarının rəhbərləri 2014-cü ili belə baş vurdu HESABAT
Artıq 2014-cü ili sona çatdırıb, 2015-ci ilə qədəm qoyuruq. Azərbaycan Respublikasının bütün dövlət strukturları 2014-cü ili necə başa vurduqları ilə bağlı hesabatlar dərc edirlər. Bəs gəlin görək, 2014-cü il Azərbaycanda olan gənclər təşkilatları üçün hansıl uğurlarla yadda qalıb:

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov: "YAP Gənclər Birliyi hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq, il ərzində kifayət qədər tədbirlər həyata keçirib. YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlər siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və. s istiqamətdə olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin mütləq intellektual əksəriyyəti tərəfindən dəstəklənir.Biz tədbirlər planımıza uyğun olaraq, layihələrimizi həyata keçiririk. YAP Gənclər Birliyi bu il ərzində fəaliyyətini daha da, genişləndirərək beynəlxalq əməkdaşlıq sahəsində kifayət qədər uğurlar əldə edib. Belə ki, YAP Gənclər Birliyi "Cənubi Qafqaz ölkələri gənc siyasətçilərinin forumu"nda uğurla iştirak etmiş və ölkəmizi forumda layiqli formada təmsil edib. Bundan başqa, bir sıra Avropa təşkilatlarının üzvü olub. Bu il ərzində bir sıra tanınmış xarici qonaqlar YAP Gənclər Birliyinin Ofisinə gələrək, Birliyimizin üzvləri ilə görüşüblər. Bunlar sırasında Seyşel adalarının eks-prezidenti, İsrailin "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatı, Macarıstanın hakim partiyasının rəhbər şəxsləri və. s ölkələrin nümayəndə heyətlərinin üzvləri vardır. YAP Gənclər Birliyi Konrad Adenaur fondunun qış məktəbində iştirak edib, fonda layihə təqdim etmişdir və həmin layihə qalib layihə elan olunub.YAP Gənclər Birliyinin nümayəndə heyəti bu il qardaş Türkiyə Cümhuriyyətində keçirilən bələdiyyə seçkilərində iştirak edib, seçki prosesini müşahidə edib. Bundan başqa, il ərzində YAP Gənclər Birliyi daha bir neçə beynəlxalq layihədə iştirak edib.YAP Gənclər Birliyi beynəlxalq layihələrlə yanaşı, ölkə daxilində də, müxtəlif istiqamətli layihələr həyata keçirib. Bu il ərzində YAP Gənclər Birliyi "İdeyanı bizimlə paylaş", "Tarix klubu", "Biznes təlimi", "İngilis dili və rus dili kursları layihəsi", "Təhsil sistemimiz yeniliklər və imkanlar" mövzusunda seminar, "Öz biznesinə başla", "Yeni Azərbaycan Partiyası və Gənclik" mövzusunda seminar, "PR təlimləri", "Fondraising" mövzusunda tədbir, "Biznes etikası, biznes uğuru" layihəsi, "Sağlam komputer" layihəsi, "Gənc maliyyəçilər üçün yay məktəbi" layihəsi, "Ekologiyasız Həyat yoxdur" layihəsi, "Şuşam Mənim" layihəsi, Partiyamızın yaranmasının 22 illiyi ilə əlaqədar "Xalqa Sədaqətin 22 ili" adlı siyasi olimpiada və bu kimi onlarla layihələr həyata keçirib.YAP Gənclər Birliyinin ən böyük layihələrindən olan yay və qış məktəbləri layihəsi bu il də, uğurla təşkil edilib.YAP Gənclər Birliyi olaraq, dövlətimizin tarixinə əlamətdar gün kimi düşmüş günlərlə əlaqədar tədbirlər təşkil edib, dövlət bayrağı meydanına, Heydər Əliyev mərkəzinə və. s məkanlara ekskursiyalar təşkil etmişik. Hər bir zaman sosial yönümlü layihələrə xüsusi önəm verən, YAP Gənclər Birliyi bu ildə bu fəaliyyətini davam etdirərək, uşaq və qocalar evlərini ziyarət edib, qanvermə aksiyalarında yüksək səviyyədə iştirak edib. Növbəti il üçün bizi daha böyük planlar və məsuliyyətli işlər gözləyir.Hal-Hazırda, YAP GB-nin hesabat jurnalı üzərində işləyirik.Bu ilin sonu, növbəti ilin əvvəli üçün jurnalın təqdimatını planlaşdırırıq".

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov: "İrəli" - əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu siyasi kursun uğurlu davamçısı olan hamımızın Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vəzifələrin həyata keçirilməsində və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirir.
Birlik informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu günümüzdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönümündə dayanmadan öz güclərini səfərbər etdi. Mən düşünürəm ki, "İrəli" Azərbaycanın işğal altında olan torpaqlarının, ərazi bütövlüyünün, Dağlıq Qarabağ münaqişəsinin yerli və beynəlxalq müstəvidə tanınması, qaçqın və məcburi gənclərimizin hüquqlarının bərpası və qanlı tariximizin unudulmayacağı gənclərin təşkilatına çevriləcəkdir.
Biz 6 ay ərzində gənclərdə müstəqil dövlətçilik ən-ənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, vətənpərlik və vətəndaşlıq tərbiyəsinin səmərəsinin artırılması üçün əzmlə çalışdıq və qarşımızdakı yeni il ərzində də çalışacağıq. "İrəli" - istər yerli, istərsə də beynəlxalq səviyyədə azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsinin təbliğ olunması və ələxsus beynəlxalq rəqabətə davamlı gəncliyin formalaşdırması istiqamətində dayanmadan çalışır. Ən əsası "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının regionlarında, ucqar dağ kəndlərində və paytaxt rayonlarında gənclərin birbaşa iştirakı ilə qərar qəbul etmə prosesində gənclərin rolununun artırılması üçün yeni imkanlar yaratdı. Ictimai Birliyi olaraq biz Azərbaycanda fəaliyyət göstərən, gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirərək əməkdaşlıqlarını artıra bildik.
Bildiyimiz kimi ölkədə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Bildiyimiz kimi, 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub. Düşünürəm ki, bu proqramdan istər gənclər təşkilatları istərsə də, gənclər yetərincə istifadə edə biliblər".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə: "ARGTMŞ 2014-cü ildə fəaliyyətini "3G" strategiyası çərçivəsində həyata keçirib. Hesabat dövrü ərzində təşkilat "gənclər siyasətinə dəstək" istiqaməti çərçivəsində dünyanın bir çox aparıcı platformalarının qərarvermə prossesində təmsil olunma hüququ qazanıb. Eyni zamanda bu istiqamət çərçivəsində beynəlxalq arenada uğurlu fəaliyyətin nəticəsi olaraq, təşkilat Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun idarə heyətinin iclası və dünyanın ən böyük regional gənclər platformalarını birləşdirən "Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü" təşkilatının illik yığıncağına ev sahibliyi etmişdir. Əlbəttə cari ilin ən böyük uğurlarından biri kimi, təşkilatın dünyanın ən böyük platformalarından biri olan "Dünya Gənclər Assambleyası"-nın idarə heyətinin üzvü seçilməsi oldu.
Strateji istiqamətlərdən biri olan "gənclər təşkilatları institutunun gücləndirilməsi" istiqaməti çərçivəsində təşkilatın saytı (www.nayora.az) üzv təşkilatların istifadəsinə verilmiş, onlar üçün əlverişli virtual platforma yaradılıb. Bu platforma təşkilatın üzvü olan gənclər təşkilatlarına öz xəbər və elanlarını yerləşdirərək, bir toxunuşla bu xəbərin mətbuat orqanlarına göndərilməsi imkanını yaradır. Bu strategiya çərçivəsində ARGTMŞ-ın üzv təşkilatlara göstərdiyi xidmətləri, xüsusilə də məhs üzv təşkilatların faydalanması üçün nəzərdə tutulmuş QİDA proqramı çərçivəsində təşkilatın üzvü olan gənclər təşkilatlarının rəhbərləri, nümayəndələrinin bilik və bacarıqları inkişaf etdirilib.
"Gənclərin əməkdaşlığı" istiqaməti çərçivəsində yerli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə edilib. Azərbaycan Könüllülük Xidməti çərçivəsində Azərbaycanın 13 regionunun 15 "Gənclər Evi"-dən olan gənclər arasında könüllü mübadiləsi həyata keçirilib.
Təşkilat 2015-ci ildə də strategiyasının mövcud istiqamətləri çərçivəsində fəaliyyət göstərəcək. Növbəti ildə mövcud istiqamətlərlə yanaşı kənd gənclərinin inkişaf etdirilməsi və bacarıqlarının üzə çıxarılması əsas istiqmətlərdən biri olacaq. Eyni zamanda növbəti ildə 99 gənclər platformasından 300-ə yaxın gəncin iştirakı ilə Avropa Gənclər Platforması üzvlərinin Məclisinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən tərəfdaşları ilə birgə Azərbaycanda həyata keçirilməsi planlaşdırılır".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf: "AGAT 2014-cü il üçün hazırladığı strateji planlaşmanı tam həyata keçirtməyə nail oldu. Beynəlxalq layihələrin həyata keçirilməsi təşkilatın ana xətti hesab olunur. Belə ki, AGAT "twitter" sosial şəbəkəsində iki milyona qədər izləyicisi olan beynəlxalq sülh şəbəkəsini ("Pease One Day") Azərbaycana gətirdi və Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında şəbəkəyə üzv olan 300-ə yaxın beynəlxalq təşkilatlar məlumatlandırıldı. "Gənclərin Beynəlxalq Sülh Forumu" layihəsi çərçivəsində Avropanın 13 ölkəsindən dünyada sülh quruculuğu işində töhvəsi olan 25 gənc cəlb olundu. Layihə iştirakçıları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəd bölgələrimizə səfər edərək, qaçqın və məcburi köçkünlərlə görüşüb, Dağlıq Qarabağ problemi ilə əyani tanış oldular.
AGAT dünyanın bir neçə aparıcı şəbəkələrinə üzvüdür. Bunlara "AMSED" Fransız şəbəkəsini və Avropanın aparıcı təşkilatı olan "Gənc Avropa Federalistləri" (JEF) platformasını misal göstərmək olar. Nəzərinizə çatdırım ki, JEF-in otuz iki Avropa ölkəsində nümayəndəlikləri vardır. JEF Avropa Parlamentində təmsil olunan "Avropalı Federalistlər" siyasi platfomasının gənclər qoludur. Bu il həmin şəbəkələrlə əməkdaşlıq nəticəsində beynəlxalq iştirakçılıqda naliyyətlər əldə olnub.
Bu il, AGAT nəzdində Qafqaz regionunda ilk dəfə olaraq "Etika akademiyasi"nın açılışı oldu. Bu Akademiya gənclərimizin, ümümiyyətlə vətəndaşlarımızın fərdi inkişafina xidmət edir. Etika Akademiyasının təlimçiləri isə beynəlxalq sertifikatlı yerli və xarici mütəxəsisslərdir. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Avropanın 6 ölkəsindən, 26 nəfər gəncin iştirakı ilə "Mədəniyyət Fəaliyyətdə" adlı beynəlxalq layihə həyata keçirdik. Festival əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını özündə ehtiva edirdi. AGAT fiziki məhdudiyyəti olan gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif televiziya verlişləri də hazırlayıb.
AGAT bu il də Azərbaycanda Yaşayan Milli İcmaların Koordinasiya Şurasına daxil olan 8 icma (türk, rus, yehudi, tatar, ukrayna, yunan, kazak, polşa) və Hindistan, Qətər, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri ölkələri ilə bərabər "Beynəlxalq Ana Dili" gününə həsr olunan festival həyata keçirdi. Azərbaycanın tolerantlıq dəyərinə sadiq qalaraq təşkilat ölkəmizdə yaşayan müxləlif dinə, milliyyətə mənsub icmaları bir araya toplayaraq, onların arasında daha güclü inteqrasiyaya nail olmağa çalışır. Digər tərəfdən AGAT gəncləri bu il Avropanın müxtəlif ölkələrinin məhşur universitetlərinə qəbul olublar və təhsillərini davam edirlər. Onlar gələcəkdə Azərbaycana döndükdə peşəkar kadr olaraq vətəndaş cəmiyyətinə xidmət edəcəklər.
Ümumilikdə isə il ərzində gənclərimiz Avropa Birliyinin, Avropa Şurasının, NATO-nun müxtəlif proqramlarının iştirakçıları olublar və təşkilatımızı, ölkəmizi müxtəlif istiqamətlərdə təmsil ediblər.
Qarşıdan gələn 2015-ci il üçün də strateji planlama hazırlanır. Qısaca olaraq onu söyləyim ki, beynəlxalq şəbəkələrə üzvlük, region gənclərimizin daha da aktivləşdirilməsinə, inkişafına xidmət edən yerli layihələrin həyata keçirilməsi, Azərbaycanın dünyada müsbət imicinin artırılmasına, ölkəmizin həqiqətlərinin dünya ictimayətinə çatdırılmasına xidmət edən beynəlxalq layihələrin həyata keçirilməsi AGAT üçün hər zaman prioritet məsələlərdir.
Son olaraq onu söyləyim ki, AGAT-ın fəlsəfəsinə özünü dərk edərək, əsl vətəndaş olaraq dünya inkişafının bir hissəsi olmaqdır. Klassik alman filosofları Fixte və Şellinqin nəzəriyyələrinin çıxış nöqtəsi insan "Mən"i olub. Əbədi əql zəka həmin insan "Mən"idir. İnsan özünə sahib çıxdıqda milli kimliyinə də sahib çıxmış olur. Bu sahiblənmə ilə inkişafın, qloballaşmanın vacib hissəsinə çevrilmək təşkilatımıza üzv olan gənclərin Azərbaycana xidmət etmək yoludur".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov: "Bugün ölkənin ən böyük tələbə təşkilatı olan ATGTİ tələbə gənclər üçün hərtərəfli fəaliyyət plaformasına çevrilib. İttifaq 2014-cü ildə fəaliyyətini uğurla yekunlaşdırır. Bu ildə də ATGTİ ölkə və beynəlxalq səviyyədə tədbirlər, tələbələrin daha sürətli şəbəkələşməsini təmin edən təlimlər, bilik yarışmaları və s. bu kimi tədbirlər, layihələrlə seçildi. 2014-cü ildə keçirib, yekunlaşdırdığımız iri layihələrin bir neçəsini qeyd etmək istərdim. Əsas məqsədi gənclərin dünyagörüşlərini və ümumi biliklərini artırmaq olan "Bakı olimpiadası-2014", "Ulduz" Məntiq Olimpiadası, "İKT Olimpiadası", "Qarabağ kuboku" yarışmaları, sayca II Beynəlxalq "Univiziya" Tələbələrarası Mahnı Müsabiqəsi keçirib. Gələn il Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını və Dövlət Bayrağımızın tanıtdırmaq məqsədi ilə keçirilmiş 3000-nə yaxın gəncin iştirak etdiyi "3 rəngin sehrinə şahid ol!" fləşmob. Xatırladmaq istərdim ki, ATGTİ Bakı 2015 Birinci Avropa Oyunlarının keçirilməsini böyük könüllü ordusu ilə də dəstəkləyir. Bundan əlavə 2014-cü ilin noyabr – dekabr aylarında ATGTİ Azərbaycan Tələbə Birliyi ilə birgə Bakıda Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclasını qəbul edib. Öz fəaliyyətimiz çərçivəsində ATGTİ Gənclər Fondu (AzGF), Gənclər və İdman Nazirliyi (GİN), Fövqəladə Hallar Nazirliyi (FHN), ölkələrin Azərbaycandakı bir sıra səfirlikləri və özəl şirkətlərlə əməkdaşlıq edir.
Qarşıdan gələn 2015-ci ilə də təşkilatımız böyük inamla baxır. Reallaşdırdığımız bilik layihələri 2015-ci ildə də davam etdiriləcək və bundan əlavə yeni layihələrimizi tələbələrə təqdim edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB