Elman Nəsirli: “İctimaiyyət bu təşkilatın çağırışını ciddi qəbul etmir” MÜNASİBƏT

Elman Nəsirli: “İctimaiyyət bu təşkilatın çağırışını ciddi qəbul etmir” MÜNASİBƏT

"Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olan dövlətlərə vaxtaşırı təlimlər keçirilir. Bunların Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Azərbaycanı sülhə çağırmaları da ondan qaynaqlanır". Bu fikirləri SİA-ya politoloq Elman Nəsirli sözügedən təşkilatın Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə çağırış etməsinə münasibətini açıqlayarkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın bu təşkilatın üzvü olmamağına rəğmən məhz Azərbaycanı sülhə səsləmələri düzgün deyil: "Onlar suala cavab versinlər ki, niyə Azərbaycan bu təşkilatda təmsil olunmur? Ermənistan isə bu təşkilatın üzvüdür. Nə qədər ki, Ermənistan bu təşkilatın sıralarındadır münaqişənin həlli ilə bağlı onların hansısa bir fikir söyləmələrinə mənəvi haqları çatmır. Əgər dövlətlərin bu təşkilatın bəyanatlarına, fikirlərinə, çağırışlarına hörmətlə yanaşmalarını istəyirlərsə, o zaman bütün məsələlərə obyektiv yanaşmalıdırlar".

Elman Nəsirli həmçinin vurğuladı ki, hazırki məqamda Azərbaycan ictimaiyyəti bu təşkilatın çağırışını ciddi qəbul etmir: "Bütün təşkilatları ilk öncə münaqişənin yaranma səbəblərini araşdırmağa və nəticələrinə düzgün qiymət verməyə çağırıram. Niyə status-kvo dəyişmir? Niyə Ermənistan beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşmır? Bu suallara cavab tapsalar yaxşı olardı. Bu cür təşkilatların bəyanatları ancaq öz maraqlarına hesablanıb".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə