Ekspert Rusiyadakı böhranın Ermənistana təsirindən danışdı

Ekspert Rusiyadakı böhranın Ermənistana təsirindən danışdı

"Ermənistan müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etməklə özünü sığortalamağa çalışır". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev deyib.

A. Nağıyev bildirib ki, dövlət üçün ordu saxlamaq həddən artıq baha başa gələn bir məsələdir: "Çünki ordu heç nə istehsal etmir, əksinə istehlak edir. Bundan başqa büdcənin çox hissəsi orduya, daha doğrusu onun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa sərf olunur. Maraqlısı da odur ki, vətəndaş cəmiyyətində vergi ödəyicisi olan şəxs əsgəri çağırışdan sonra orduda əksinə verginin istifadəçisinə çevrilir. Ermənistan ordusu isə daima Rusiyadan və onun büdcəsindən yararlanan bir ordudur. Ermənistan istər silahlanma, istərsə də ərzaq və digər təminatda Rusiyadan həddən artıq asılıdır. Məhz bu baxımdan Ermənistan müdafiə naziri Seyran Ohanyanı qorxudan cəhətlərdən biri, onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan büdcəsinin ordu ilə əlaqəli hissəsinin çatışmamazlığıdır. Məlumdur ki, ac-yalavac əsgərin döyüş qabiliyyətli ola bilməz. Diaspora vəsaiti ilə də ordu saxlamaq qeyri-mümkündür. Məhz belə şəraitdə intiharlar və fərarilik, hərbi əməliyyatlar zamanı itkilər, məğlubiyyətlər baş alıb gedəcək".

A. Nağıyev Rusiyadakı böhranın Ermənistan ordusuna təsirindən də danışıb: "Rusiyada sanksiyalarla əlaqədar mürəkkəb iqtisadi vəziyyət yaranıb. Bundan asılı olaraq Ermənistan ordusuna edilən yardımlar xeyli azalacaq, belə vəziyyət eyni zamanda müasir silahların əldə edilməsini çətinləşdirir, döyüş qabiliyyətinin həddən artıq aşağı düşməsinə gətirib çıxarır. Yaranmış vəziyyətdə Azərbaycanla müharibə apara bilməyəcəyinə əmin olan erməni nazir, gələcək üçün pessimist proqnozlar verməyə məcburdur. Müasir silahlarla silahlanmış, döyüş qabiliyyəti günbəgün artan Azərbaycan ordusunun haqq savaşının qarşısında tab gətirməyəcəyinə əmin olan Ohanyan özünü sığortalamaq üçün də bu kimi bəyanatlar yayır".

Bütün xəbərlər Facebook səhifəmizdə