İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il qeyd olunub FOTOLAR

İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il qeyd olunub FOTOLAR

Bern şəhərinin ən məşhur konsert salonlarından olan Kursaalda Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatçılığı və ARDNŞ-ın İsveçrə nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib. Azərbaycan İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə İsveçrənin dövlət orqanlarının nümayəndələri, deputatlar, diplomatik korpusun rəhbərləri və üzvləri, şirkət rəhbərləri, Bernin tanınmış simaları, o cümlədən İsveçrədə yaşayan Azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı, qonaqları salamladıqdan sonra, Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunmasının tarixçəsi barədə qonaqlara məlumat verib, bu birliyin qurulması istiqamətində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin gördüyü işlər barədə danışıb. Səfir, həmçinin 2014-cü il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salmış, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə güclənməsini vurğulayıb. O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyinə inamını bildirərək, Azərbaycanın təkcə karbohidrogen ehtiyatlarla deyil, həmçinin zəngin mədəni irsə malik olduğunu qeyd edib, Azərbaycan musiqisi barədə qonaqlara geniş məlumat verib.

Daha sonra, səfir Ə.Zeynallı Azərbaycanın mədəni irsinin incilərindən sayılan muğam-caz janrı barədə danışaraq, qonaqları bu üslubun layiqli davamçılarından sayılan "Emil Məmmədov (Əfrasiyab) və dostları" qrupunun ifasında tanış olmağa dəvət ediblər. Tədbirdə ABŞ-dan Emil Məmmədov (piano), Alexandre Madeline (Saksafon), Raphael Pannier (zərb alətləri) və Antoine Katz (bass-gitara), Azərbaycandan muğam ifaçıları xalq artisti Teyyub Aslanov və əməkdar artist Arzu Əliyeva, əməkdar artist Malik Mansurov (tar), əməkdar artist Şirzad Fətəliyev (balaban,tütək, zurna), Kamran Kərimov (nağara) çıxış etmişlər. "İki Dünya" adlanan konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Bayram tədbiri konsert proqramından sonra təşkil edilmiş rəsmi ziyafətlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə