Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının seçicilərlə keçirdiyi görüşdə yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar keçirilən təbliğat- təşviqat kampaniyasının uğurla davam etməsi ölkə əhalisinin ictimai fəallığının artması kimi diqqətə çatdırıldı.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bələdiyyə seçkilərinə hazırlığın mütəşəkkilliklə davam etməsini dövlətçiliyin, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsi kimi dəyərləndirdi: -Bələdiyyə seçkilərinə demokratiyanın tələblərinə uyğun hazırlaşan və siyasi kampaniyada mütəşəkkil vahid qüvvə kimi iştirak edən YAP-ın hər bir üzvü seçkilərə ciddi hazırlıq görür. Dekabrın 23-nə təyin olunan bələdiyyələrə builki seçkilər də partiyamız üçün önəmlidir. Seçkiləri uğurla başa vurmaq üçün təbliğat- təşviqat mərhələsində demokratiyanın prinsiplərinə uyğun maarifləndirmə işləri sürətləndirilir, ayrı-ayrı məhəllələrdə fərdi və ümumi qaydada söhbətlər aparılır, insanların arzu və təklifləri öyrənilir. Ən layiqli namizədlərin qələbəsinin təmin olunması, genişlənən siyasi mübarizənin demokratiyanın tələblərinə uyğun təşkili əsas məqsəd və məramımızdır. Buna görə də seçicilərin rəyini öyrənmək, partiyanın əsas şüarı olan "Rifah və quruculuq naminə" çağırışını doğrultmaq, partiya tərəfindən irəli sürülən namizədlərin qüvvə və bacarığından səmərəli istifadə olunması üçün onların potensialı nəzərə alınmışdır.
Milli Məclisin deputatı Rauf Əliyev vurğuladı ki, səsvermə zamanı ümummilli lider Heydər Əliyev siyasətinə xas olan demokratiyanın tələblərinin yerinə yetirilməsi qarşıda duran əsas vəzifədir. Hər bir seçki milyonların iradəsinin ifadəsidir. Deputat bildirdi ki, bələdiyyə seçkilərində də həmişə olduğu kimi inandırma metodologiyasından istifadəyə başlıca amil kimi diqqət yetirilməlidir. Qeyd olundu ki, YAP-ı təmsil edən namizədlərin seçkilərdə uğur qazanması hər bir partiya üzvünün fəallığından asılıdır:
-Seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verir. Vətəndaşların hüquqi cəhətdən məlumatdırılması siyasi kampaniyaların başlıca şərtidir. Əsas odur ki, seçici ictimai fəaliyyətinə bələd olduğu namizədə münasibət bildirsin, etimad göstərsin. Bunun üçün də təbliğat-təşviqat kampaniyasında fəallıq artırılmalı, seçicilərlə görüşlərdə söhbətlər bu istiqamətdə təşkil olunmalıdır.
Aydındır ki, Dövlət Proqramlarının həyata keçirilməsində, yerlərdə aparılan abadlıq, quruculuq işlərində müəyyən xidmətləri olan bələdiyyələrdə YAP-ın nümayəndələri layiqincə təmsil olunurlar. Onların səmərəli xidmətlərini görən vətəndaşlar təbii ki, ümummilli lider Heydər Əliyev ideyalarını yaşadan YAP-a, onun Sədri Prezident İlham Əliyevə etimadlarını bir daha bildirməklə bu siyasətin davamına tərəfdar olduqlarını göstərəcəklər. Buna görə də hər bir vətəndaş belə görüşlər zamanı etimad göstərəcəyi namizədin fəaliyyəti ilə yaxından tanış olmalıdır.
Seçicilər çıxış edərək son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, insanların həyat səviyyəsinin, sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində aparılan işləri yüksək dəyərləndirərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun həyata keçirilən infrastruktur layihələrinin tətbiqini yüksək dəyərləndirirlər. Azərbaycanı qüdrətli dövlətə çevirən bu siyasətin davamına səs verəcəklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB