TÜRKSOY-a üzv Ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin beşinci iclası keçirilib YENİLƏNİB-FOTO
Bakıda TÜRKSOY-a üzv Ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrin beşinci iclası keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, sevindirici haldır ki, növbəti görüşə Bakı ev sahibliyi edir: "20 ildir ki, ölkəmiz YUNESKO ilə bütün sahələrdə sıx əməkdaşlıq edir. Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Forum ölkəmizin mədəniyyətlərarası dialoqa nə dəqər böyük önəm verdiyinin göstəricisidir. Türkdilli Ölkələrin zirvə görüşlərinin keçirilməsi isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında mühüm rol oynayır. Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan nazir deyib ki, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz hələ də öz yurdlarından didərgindir: "Ermənistan BMT və YUNESKO tərəfindən qəbul olunan heç bir qərara məhəl qoymur. Bütün abidələrimiz dağıdılıb və məhv edilib. Biz TÜRKSOY və YUNESKO ilə gələcəkdə səylərimizi daha da genişləndirmək fikrindəyik".
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov nazirə təşəkkürünü bildirib: "Azərbaycan xeyli sayda beynəlxalq forumlara ev sahibliyi edir. Bu da təbii ki, bizləri çox sevindirir. 2008-ci ildən bu yana bizim bütün fəaliyyətimiz YUNESKO-nun prinsiplərinə uyğundur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bizlə görüşlərində bildirib. Çıxışın sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə diqqətə çatdırıb ki, Azərbaycan qədim mədəniyyətə malik olan bir ölkə kimi bütün dünyaya açıqdır: "Onun YUNESKO-ya üzv olması buna bariz sübutdur. Artıq yeni eranın üçüncü milliyinə qədəm qoysaq da, bəşəriyyət bəzən ikili standartlardan əziyyət çəkir. Buna qarşı isə dil, din və s. sahələrdə əməkdaşlığı möhkəmləndirmək lazımdır. Azərbaycan öz torpaqlarını bu gün qılınc gücü ilə geri qaytarmağa qadir ölkədir. Çox zəngin ortaq dəyərlərə malik olduğumuz YUNESKO və TÜRKSOY bu sivil proseslərdə mühüm rola malikdir. AMEA-nın da bu sahədə xidmətləri böyükdür. Bu gün Azərbaycanda fundamental elmin inkişafı ilə yanaşı zəngin dəyərlərimizin olması da xüsusilə təqdirəlayiqdir".
Sonra YUNESKO xarici əlaqələr və ictimai məlumat sektorunun Üzv dövlətlər və tərəfdaşlar idarəsinin rəhbəri Genc Seiti YUNESKO-nun baş direktoru İrina Bokovanın adından tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Müraciətdə bildirilib: ""Azərbaycan YUNESKO-nun fəal səylərini əsirgəməyən üzvünə çevrilib. Azərbaycan YUNESKO-nun müvafiq sahələrinə böyük töhfələr verib. Bu töhfə xüsusilə də mədəni irsin qorunması sahəsində olub. Bu da birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə olub. Azərbaycan canlı ənənələrin yaşadığı ölkələr sırasındadır. Azərbaycan elə unikal yerlərdən biridir ki, bütün sivilizasiyalar məhz burada cəmləşir. Bu da ölkənin istər YUNESKO, istərsə də digər beynəlxalq təşkilatlarda lider kimi möhkəmlənməsində vacib addımlardan biridir".
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, sevindirici haldır ki, TÜRKSOY təhsil sahəsinə də xüsusi diqqət ayırır: "Hesab edirəm ki, biz təhsil sahəsində olan problemləri birlikdə müzakirə etməliyik. Cənab İlham Əliyev tərəfindən təhsil sahəsində böyük işlər görülür. Biz TÜRKSOY-la da əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Əminəm ki, türkdilli xalqlarımız müxtəlif beynəlxalq təşkilat çərçivəsində əməkdaşlığı davam etdirəcəklər. Sabah təhsil sahəsində dəyirmi masanın keçirilməsini isə təhsilə verilən önəm kimi qiymətləndiririk".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan YUNESKO ilə sıx əməkdaşlıq edir: "Düşünürəm ki, Bakıda keçirilən bu tədbir Azərbaycanın bu təşkilatla əməkdaşlığının inkişaf etdirilməsində yeni yollar müəyyənləşdirəcək, həm də qeyri-maddi mədəni irsin qlobal miqyasda qorunmasına öz töhfəsini verəcək".
Nazir Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim olunması məsələsinə də toxunaraq deyib ki, Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib.
Daha sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, TÜRKSOY-un baş katibinin müavini çıxış edərək, iclasla bağlı fikirlərini bildiriblər.
İclas panellərlə davam etdirilib.
Qeyd edək ki, seminar iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB